İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15 sentyabr 2017, 11:40
Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayaraq, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması baxımından önəmini qeyd etdi. Özünün bu il Fransaya rəsmi səfərini, Fransa prezidentlərinin əvvəlki dövrlərdə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. İqtisadi əməkdaşlığa gəldikdə bir çox Fransa şirkətləri uzun illərdir ki, Azərbaycanda uğurlu fəaliyyət göstərir və onlar həm investor kimi, həm də podradçı qismində bu gün çox önəmli layihələrdə iştirak edirlər. Eyni zamanda, Prezident İlham Əliyev Fransanın iş adamları və onların təşkilatları ilə dəfələrlə keçirdiyi görüşlərin iqtisadi əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verdiyini dedi.
Təhsil sahəsində də çox önəmli addımlar atıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər ilkin olaraq Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə artıq universitet də fəaliyyət göstərir. Bütün bunlar Fransa-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının təzahürüdür. Prezident İlham Əliyev əminliyini ifadə etdi ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində vasitəçi kimi öz fəal işini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Jan-Batist Lömuanın ölkəmizə səfəri onun Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacaq.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan dedi: “Mən ölkənizə səfər edən yeni formalaşmış və Prezident Emmanuel Makron tərəfindən təyin olunmuş ilk hökumət üzvüyəm. Bu, mənim üçün böyük şərəfdir. Mən keçmişdə senator vəzifəsində çalışmışam və bu vəzifəmdə çalışarkən Azərbaycanın ayrı-ayrı regionları ilə əməkdaşlıq və sərmayə qoyuluşu sahəsində xüsusi səylər göstərmişəm”.
Jan-Batist Lömuan ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasını mühüm hadisə kimi dəyərləndirərək əminliklə bildirdi ki, ötən dövr ərzində bu əlaqələr yüksək səviyyədə olub və növbəti 25 il ərzində də yüksələn xətlə daha da inkişaf edəcək. O bildirdi ki, Fransa Azərbaycanın çox uğurlu və çoxvektorlu siyasət həyata keçirdiyini, qonşularla əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirdiyini önəmli sayır. Bu isə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, bölgədə və beynəlxalq aləmdə barışdırıcı və vasitəçi rolunu daha da artırır. Qonaq bu istiqamətdə təhsilin əhəmiyyətini xüsusilə vurğuladı.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi, ölkələrimizin ayrı-ayrı regionları arasında əlaqələrin əhəmiyyətindən danışıldı, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizədə və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın önəmi vurğulandı və Azərbaycanın bu sahədə ciddi addımlar atdığı bildirildi.
Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığa toxunularaq, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin əvvəlində Avropa İttifaqına uğurlu səfərindən sonra ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində işlərin aparıldığı və bu ilin sonuna qədər yekunlaşacağı ümidvarlıqla qeyd olundu.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.