İlham Əliyev Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
05 sentyabr 2017, 11:30
Bakının Nizami rayonundakı 10 saylı tam orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 5-də açılışı olub.
Prezident İlham Əliyev məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1979-cu ildən fəaliyyət göstərir. Məktəbin binasında bu günədək əsaslı təmir işləri aparılmamışdı. Burada da əsaslı yenidənqurma işləri “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Məktəbdə 49 sinif, 2 informatika, 3 laboratoriya otağı, idman və akt zalları, hərbi otaq və yeməkxana fəaliyyət göstərir. Yenidən qurulan məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar dərs vəsaitləri, internet, mebel-inventar və digər zəruri avadanlıqla təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.