İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub
20 avqust 2017, 12:40
Prezident İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var.
Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.
Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.
Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.