Azərbaycan və Sloveniya prezidentlərinin mətbuat üçün bəyanatları
10 iyun 2011, 22:00
Sloveniya Prezidenti Danilo Türkün bəyanatı
- Bu gün Sloveniya Respublikasının ali qonağı ölkəmizə rəsmi səfər edən dost Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Əslində bu, cavab səfəridir. Çünki mənim də 2009-cu ildə Azərbaycana rəsmi səfərim oldu. İndi isə növbəti cavab səfəri baş tutur. Əslində bu səfər ikitərəfli münasibətlərimizin nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir. Elə indicə biz iki ölkə arasında əməkdaşlığa dair iki sənədi imzaladıq. Eyni zamanda, biz Sloveniya və Azərbaycana aid olan bir çox digər məsələləri də nəzərdən keçirdik.
Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərimiz yaxşıdır. Əməkdaşlığımız uğurludur və iqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır.
Bu gün aparılmış danışıqlar, həmçinin bəzi beynəlxalq məsələləri də nəzərdən keçirmək imkanı yaratdı. Sloveniya Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Biz istəyirik ki, bu sahədə töhfəmizi verək. Bu məsələ bütün dövlətlərdən xüsusi fəallıq tələb edir, xüsusən də əgər söhbət silahlı münaqişələrdən gedirsə.
Bunların arasında Dağlıq Qarabağ münaqişəsini də qeyd etmək lazımdır. Bu gün danışıqlarımızın mövzusu, həmçinin həmin münaqişədir. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik. Status-kvo qəbul edilən həll variantı deyildir. Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin.
Bildiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedev Soçidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə göstərilən digər təşəbbüsləri də alqışlayır. Bu ayın sonunda yenidən Rusiyada keçiriləcək üçtərəfli görüşə ümid bəsləyirik. Hesab edirik ki, o görüş zamanı elə prinsiplər müəyyən ediləcəkdir ki, onların əsasında sülh razılaşması əldə olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına uyğun olmalıdır.
Biz bir sıra digər məsələləri də nəzərdən keçirdik. Burada enerji sahəsində beynəlxalq əməkdaşlıq müzakirə olundu. Bu, Sloveniya üçün olduqca maraqlı mövzudur. Həmçinin digər Avropa ölkələri və bütövlükdə Avropa İttifaqı üçün əhəmiyyətli bir məsələdir.
Bir sözlə, biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi genişləndirmək istəyirik. Sloveniya hesab edir ki, enerji təhlükəsizliyi olduqca mühüm məsələdir. Bu məsələ get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq tələb edir. Burada həm istehlakçılar, həm də hasilatçılar arasında əməkdaşlıq nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə apardığımız danışıqlar çərçivəsində Sloveniya bir sıra ölkələrə təklif etdi ki, “Cənub” qaz dəhlizinin bəyannaməsini imzalayan ölkələrlə, daha sıx əməkdaşlıq mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki, onların da iştirakı daha geniş şəkildə təmin edilsin.
Zənnimcə, çoxtərəfli əməkdaşlıq ruhunda olan bu yanaşma bizi uğura apara bilər. Burada söhbət hər hansı bir rəqabətdən gedə bilməz, əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Buna görə də mən bunu giriş nitqimdə də qeyd etdim. Təbii ki, biz beynəlxalq səviyyədə münasibətlərimizin digər aspektlərinə də toxunduq. Mən çox danışmaq istəməzdim. İndi isə böyük məmnuniyyətlə sözü Sizə verirəm. Buyurun, cənab Prezident, söz Sizindir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə demək istəyirəm ki, yenidən Sloveniyada olmağımdan çox məmnunam. Mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.
Ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Cənab Prezidentin qeyd etdiyi kimi, iki il bundan əvvəl biz Sloveniya Prezidentini Azərbaycanda qəbul edirdik, bu gün mən Sizin gözəl ölkənizə səfər edirəm. Bu arada biz cənab Prezidentlə mütəmadi qaydada telefonla əlaqə saxlamışıq, beynəlxalq tədbirlərdə daim imkan olan kimi görüşürük. Yəni, ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir. Əlbəttə ki, bu, əlaqələrimizin inkişafı və bütün başqa sahələri əhatə etmək üçün yaxşı zəmin yaradır. Əminəm ki, səfərim və imzalanmış sənədlər, aparılmış danışıqlar nəticəsində qəbul ediləcək qərarlar münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Biz buna maraqlıyıq və Sloveniya bizim üçün bu bölgədə çox vacib tərəfdaşlardan biridir.
Bu gün, eyni zamanda, iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə edildi. Müəyyən təkliflər nəzərdən keçirilir, həm qarşılıqlı investisiya layihələri, həm şirkətlərimizin birgə fəaliyyəti haqqında fikir mübadiləsi aparılmışdır. Yəqin ki, bu məsələlərin müzakirəsi sabah keçiriləcək Sloveniya-Azərbaycan biznes forumu çərçivəsində daha geniş formatda aparılacaqdır. Hər halda dəqiqliklə demək olar ki, hər iki tərəfin iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağı və yaxşı imkanları vardır.
Bu gün, eyni zamanda, ikitərəfli məsələlərlə yanaşı, Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi. Sloveniya Avropa İttifaqının üzvü kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün dəyərli töhfəsini verir. Bu əlaqələr inkişaf edir. Bu ilin əvvəlində Avropa Komissiyasının prezidenti cənab Barrozunun Azərbaycana səfəri və səfər zamanı aparılmış danışıqlar, qəbul edilmiş siyasi qərarlar və Bəyannamə gələcək əməkdaşlıq üçün yaxşı şərait yaradır. Avropa İttifaqı ilə münasibətlərimiz çox yüksək səviyyədədir və bu əlaqələr genişlənir. Biz gələcək əməkdaşlığa da çox müsbət yanaşırıq. Hesab edirik ki, indiki mərhələdə gələcək əməkdaşlığımızın perspektivləri haqqında daha dəqiq məsələlər müzakirə edilməlidir, dəqiqləşdirmə aparılmalıdır, prioritetlər müəyyən edilməlidir. Biz uzunmüddətli uğurlu tərəfdaşlıq münasibətlərimizi qura bilərik və qurmalıyıq.
Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli yolla çıxarmaq üçün yeni kontraktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir.
“Cənub” qaz dəhlizi üzrə danışıqlar gedir. Əminəm ki, danışıqların yaxşı nəticələri olacaqdır. Danışıqların uğuru üç tərəfin səmimi münasibətlərindən və əlaqələrindən asılıdır. İstehsalçılar – Azərbaycan, istehlakçılar – Avropa tərəfi və tranzit ölkələri. Yəni, hər üç tərəfin maraqları təmin edilməlidir və hər bir tərəf bu layihənin həyata keçirilməsi üçün töhfəsini verməlidir. Hazırda bu əməkdaşlıq formalaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz daha konkret nəticələr haqqında danışa biləcəyik. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bu məsələ nəinki Azərbaycan, eyni zamanda, Avropa üçün də çox vacibdir. Biz maraqlıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin və qazımızı dünya bazarlarına daha da böyük həcmdə ixrac edək. İstehlakçılar isə maraqlıdırlar ki, alınan qazın coğrafiyasını daha da genişləndirsinlər və burada bizim maraqlarımız üst-üstə düşür.
Biz, eyni zamanda, cənab Prezidentin qeyd etdiyi kimi, bu gün regional təhlükəsizlik məsələlərinə də münasibətimizi bildirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son reallıqlarını cənab Prezidentə bildirdim. Danışıqlar gedir və ümid edirəm ki, danışıqlar yaxşı nəticə verəcəkdir. Çünki əgər bu gün müzakirə edilən məsələlər – baza prinsipləri qəbul olunarsa, məsələnin ədalətli həlli mümkün olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və eyni zamanda, təhlükəsizlik məsələləri öz həllini tapacaq, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılacaqdır.
Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz pozulubdur. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bu ərazilərdən azərbaycanlılar tamamilə çıxarılıb. Yəni, bizim millətə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. O qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. ATƏT-in qərarları oxşar mahiyyət daşıyır, eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı oxşar qətnamələr qəbul etmişlər. Amma əfsuslar olsun ki, işğalçı qüvvələr bu günə qədər torpaqlarımızı azad etməyiblər.
Məsələnin ədalətli həlli üçün indi yaxşı şərait yaradılıb. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının may ayının sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir. Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir, işğalçı qüvvələr işğal edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və ümidlərimizi artırır. Bəyanatın digər vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır.
İndiki mərhələdə Ermənistan tərəfi konstruktivlik və səmimiyyət göstərməlidir. Uzun illər Ermənistan danışıqların sadəcə olaraq danışıqlar naminə aparılmasına, imitasiya ilə məşğul olmağa çalışmışdır. İndi isə vaxt çatıb ki, verilmiş təkliflərə dəqiq, konkret cavab versin. Əgər belə olarsa, o zaman hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə işğalçılardan azad ediləcəkdir.
Bu gün biz regional məsələlər haqqında da fikir mübadiləsi apardıq. Aramızda fikir ayrılığı yoxdur. Yanaşmamız da bir-birinə çox yaxındır. Ümidvaram ki, biz bu gün və sabah davam edən söhbətlər əsnasında ölkələrimizi bir-birinə daha da yaxın edəcəyik, xalqlarımız da bir-birinə yaxın olacaqlar. Çünki bizi, eyni zamanda, ortaq tarix birləşdirir.
Cənab Prezident, bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram, gözəl ölkənizdə olmağımdan bir daha məmnunluğumu ifadə etmək istəyirəm. Sağ olun.