İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib
09 avqust 2017, 10:40
Prezident İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyev yolların texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Bildirildi ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. İşlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra olunub. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb.
Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib. 5,7 kilometr uzunluğunda drenaj xətti çəkilib, onun üzərində 149 quyu və uzunluğu 1,5 kilometr olan mərkəzi kanalizasiya kollektoru tikilib. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qaz xətti, 5,7 kilometrlik su xətti və abadlaşdırılmış ərazidə 510 metr uzunluğunda ehtiyat keçidlər inşa olunub. Yenidən qurulan yolların üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Prospekt və küçələrdə fiziki qüsurlu insanların da rahat hərəkəti üçün panduslar qurulub.
Prezident İlham Əliyev yeni yolların rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış oldu. Dövlətimizin başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, yenidənqurma işlərinin ən əhəmiyyətli hissəsi Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairənin ləğv olunmasıdır. Bu, hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasına geniş imkanlar açıb. İndi həmin yerdə yaşıllıq zolağı salınıb.
Keçmiş “Sovetski” adlanan ərazidə yeni yolların çəkilməsi ilə bağlı görülən işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Füzulu küçəsindəki parkla Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli meydanındakı dairədə hərəkətin bağlanması, həmçinin Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun küçəsi və Nəriman Nərimanov prospekti arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Ümumilikdə yenidən qurulan prospekt və küçələr boyunca 6 min kvadratmetrdən çox ərazidə yaşıllıq salınıb və suvarma sistemi qurulub. Bununla yanaşı, Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmə də ləğv edilib və bir qədər irəlidə - Nəriman Nərimanov prospektində dairə tipli yeni yol qovşağı tikilib. Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzəpir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin tikilməsi, habelə burada 360 yerlik avtomobil dayanacağının salınması nəzərdə tutulub.