İlham Əliyev Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
03 avqust 2017, 18:00
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri ötən ay başa çatdırılıb. Ərazisi 2124 kvadratmetr olan bina üçmərtəbəlidir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalı və yeməkxanada da yüksək şərait var.
Qeyd edək ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb və attraksionlar quraşdırılıb.