Azərbaycan-Sloveniya biznes forumunda İlham Əliyevin nitqi
10 iyun 2011, 15:40
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar, əziz dostlar!
Əvvəlcə, cənab Prezident, mən gözəl ölkənizə səfər etmək üçün dəvətinizə və göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Əslində mən ikinci dəfədir ki, Sizin gözəl ölkənizə səfər edirəm və bir çox dəyişiklikləri görürəm. Bu münasibətlə Sizin hökumətinizi və Lyublyana Şəhər Şurasını aparılmış bir çox abadlıq və şəhər infrastrukturu işlərinə görə təbrik etmək istərdim.
Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Biz əsl dost və tərəfdaşıq. Bu tərəfdaşlığın artıq yaxşı tarixi və çox perspektivli gələcəyi vardır. Çox şadam ki, biznes dairələrinin iqtisadi əlaqələrin gücləndirilməsinə istiqamətlənmiş birgə səyləri ölkələrimizin Sloveniya ilə Azərbaycan arasında tərəfdaşlığın gülcəndirilməsinə yönəlmiş siyasi kursuna uyğundur. Siyasi münasibətlərimiz çox yaxşıdır. Biz ölkələrimiz arasında yüksək səviyyədə və nazirliklər səviyyəsində mütəmadi qaydada məsləhətləşmələr prosesini davam etdiririk. Bizim, həmçinin biznes təmaslarının da inkişaf etdirilməsi üçün yaxşı potensialımız vardır. Hesab edirəm ki, bu gün keçirilən biznes forum sayəsində nəinki ideyalar, həmçinin praktiki nəticələr əldə olunacaqdır.
Azərbaycanın bu gün nümayiş etdirilən biznes imkanları ölkənin iqtisadi inkişaf sahəsində prioritetlərini, qarşımızda duran çətinlikləri, eləcə də biznes imkanlarını aydın şəkildə göstərəcəkdir. Biz xarici sərmayədarlara açıq ölkəyik və uzun illər ərzində bu istiqamətdə apardığımız siyasət çox müsbət olub. Son 15 il ərzində iqtisadiyyatımıza təxminən 100 milyard ABŞ dolları məbləğində sərmayə yatırılmışdır və onların əksər hissəsi qeyri-enerji sektoruna yönəldilmişdir. Mən bunu ona görə deyirəm ki, Azərbaycan neft ölkəsidir, neft-qaz hasilatçısı və ixracatçısıdır. Ölkəmiz bu baxımdan cəlbedicidir. Lakin məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir, Azərbaycanda güclü qeyri-enerji sektorunun və davamlı iqtisadiyyatın yaradılmasıdır.
Hesab edirəm ki, son bir neçə il ərzində iqtisadi inkişaf, liberallaşdırma və biznesin aparılması sahəsində ölkəmizin göstəriciləri məqsədlərimizi aydın şəkildə göstərir. Hətta iqtisadi böhran ilə yadda qalan ən çətin 2008-2009-cu illərdə iqtisadiyyatımız yenə də 14 faiz artmışdır. Həmin il neftin qiymətləri 4-5 dəfə aşağı düşmüşdür. Ümumiyyətlə, son 7 il ərzində ÜDM 3 dəfə artıb, yoxsulluq səviyyəsi 5 dəfə - 49 faizdən 9,1 faizə qədər azaldılmışdır. İşsizliyin səviyyəsi 6 faiz olmuşdur. İnfrastruktura qoyulan sərmayələr və özəl sektora verilən dəstək hazırkı durumu yaratmışdır ki, iqtisadiyyatımız artıq enerji amilindən o qədər də asılı deyildir. Bizim üçün gələcək iqtisadi inkişaf qeyri-enerji sektorunun inkişafı deməkdir, çünki enerji sektorunda bütün əsas hədəflərimizə nail olmuşuq.
Bizim 7 ixrac neft və qaz boru kəmərindən ibarət şaxələndirilmiş şəbəkəmiz vardır. Enerji resurslarımızı müxtəlif istiqamətlərdə ixrac edirik. Avropa İttifaqı ilə gündəliyimizdə olan mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Azərbaycan Avropa bazarlarında enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır. Bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında mühüm bəyannamə imzalanmışdır. Hazırda fəal və səmərəli iş aparan müvafiq işçi qrupu formalaşdırılmışdır. Ümidvaram ki, gələn illər ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı sahəsində bir çox digər mühüm addımlar atılacaqdır. Bu, inkişafımızın mühüm bir hissəsidir. Əlbəttə, bu, bizim üçün imkanlar açır ki, maliyyə resurslarımızı formalaşdıraq, onları yenidən iqtisadiyyata, təhsilə, sosial infrastruktura və bizim üçün prioritet sahələrə sərmayə kimi yönəldək. Buna görə daxili prioritetlərimizin gündəliyində enerji sektoru böyük rol oynamır. O, əsasən xarici iqtisadi və siyasi münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Ölkə daxilində əsas diqqət yetirdiyimiz sahə iqtisadiyyatın davamlı inkişafıdır.
Kənd təsərrüfatı və aqrar məhsulların emalı sahəsində yaxşı potensialımız vardır. Turizm sahəsini də qeyd etməliyik. Hazırda biz beynəlxalq turizm istirahət zonaları yaradırıq. Biz bu sahədə yaxşı təcrübəsi olan Sloveniya şirkətlərini ölkəmizdə həmin mühüm layihələrdə iştirak etmək üçün dəvət edirik. Yalnız bu il Bakıda və rayonlarda yeni müasir infrastruktura malik beşulduzlu 6 mehmanxana açılacaqdır. İnformasiya texnologiyaları sahəsi bizim üçün prioritetlərdən biridir. Kosmos sənayesini də inkişaf etdirməyə başlamışıq. Çox şadam ki, bizim Sloveniya şirkətləri ilə apardığımız əməkdaşlığın bir sahəsi də məhz informasiya texnologiyaları sektorudur. Əslində, bu sahədəki əməkdaşlıq Bakıda Prezident Türkün iştirakı ilə keçirilmiş birinci biznes forumda qeyd edilmişdir və biz həmin birgə təşəbbüsə dəstək verdik.
Azərbaycanda informasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Biz bu sektora böyük diqqət yetiririk. Hazırda ölkə əhalisinin 50 faizi internetdən istifadə edir. Gələn illər ərzində bu sektor bizim üçün daxili iqtisadi prioritetlərimizdə çox mühüm rol oynayacaqdır. İqtisadiyyatın şaxələndirilməsi sərmayələrin cəlb edilməsi deməkdir. Xarici sərmayələrin cəlb edilməsində artıq yaxşı təcrübəmiz vardır. Eyni zamanda, bizim çox təfərrüatlı dövlət sərmayə proqramımız vardır və həmin proqram, əsasən infrastruktur layihələrini əhatə edir. Hər il biz infrastrukturun inkişaf etdirilməsinə kifayət qədər maliyyə resursları ayırırıq. Mən Sloveniya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirəm. Bugünkü biznes forumun bir hissəsi Azərbaycandakı konkret biznes sərmayə layihələrinin təqdim edilməsinə həsr olunubdur və yekun hesabat hazırlanıb. Fikrimcə, orada bütün zəruri məlumatlar verilib.
Eyni zamanda, hesab edirəm ki, hökumətimiz tərəfindən maliyyələşdiriləcək layihələri də bilmək maraqlı olardı. Həmin layihələrdə Sloveniya şirkətləri podratçı kimi iştirak edə bilər. Onlar böyük sahələri əhatə edir: yolların, elektrik stansiyalarının tikilməsi, içməli suyun təmin edilməsi, kanalizasiya xətlərinin çəkilməsi, xəstəxanaların və məktəblərin inşası. Həmin layihələr həyatımızın bütün sahələrini əhatə edir. Məqsədimiz ən vacib infrastruktur və sosial infrastruktur layihələrini ikinci inkişaf proqramımızın başa çatdığı vaxtda, yəni 2013-cü ildə həyata keçirməkdən ibarətdir. Gələcəkdə isə ölkənin inkişafı və Azərbaycanda iqtisadiyyatın davamlı artımı növbəti iqtisadi islahatlarımızda əldə edəcəyimiz uğurlardan asılı olacaqdır. Bu gün, iqtisadiyyatda liberallaşdırma səviyyəsi çox yüksəkdir.
Hər iki ölkə bu il müstəqilliyin iyirminci ildönümünü qeyd edəcəkdir. Bildirmək istəyirəm ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxt bazar iqtisadiyyatının ÜDM-dəki payı sıfır faiz idi. İndi isə Azərbaycanda ÜDM-in 80 faizdən çoxu özəl sektorda təmin edilir. Belə halda, həmçinin nəzərə almalıyıq ki, ÜDM-i təşkil edən əsas mənbələr və enerji infrastrukturu dövlət nəzarəti altındadır. Bu o deməkdir ki, özəlləşdirmə, liberallaşdırma prosesi, yerli və xarici biznes dairələri üçün yaxşı şəraitin yaradılması işi düzgün istiqamətdə gedir.
Sloveniya bizim üçün bu regionda dost ölkə və mühüm tərəfdaşdır. Eyni zamanda, Avropa İttifaqının üzvü kimi Sloveniyanın bizim regionda rolu və mövqeyi hər zaman müsbət olub. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri daha da yüksək səviyyədə inkişaf etdirmək istəyirik. Bizim üzv dövlətlərlə ikitərəfli qaydada çox gözəl münasibətlərimiz vardır. Hesab edirəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin belə bir mühüm inkişaf mərhələsində ən vacib məsələ qarşımızda qoyduğumuz hədəfləri və məqsədləri müəyyən etmək, onlara nail olmaq üçün yol xəritəsini hazırlamaq və qarşılıqlı maraq və hörmətə əsaslanan əsl tərəfdaşlıq münasibətlərini qurmaqdır. Bu baxımdan bu proses uğurla davam edəcəkdir. Biz bu inkişafı dəstəkləyirik və əlimizdən gələni edəcəyik ki, bu növ tərəfdaşlığı quraq.
Regionlarımızın bir-birinə daha da yaxın olması üçün göstərdiyi səylərə görə biz Sloveniya tərəfinə və Prezident Türkə olduqca minnətdarıq. Biz Avropa İttifaqı ilə qonşuyuq və tərəfdaşıq. Tərəfdaşlığımız artacaq, siyasi münasibətlər inkişaf edəcək və əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri, - mən nitqimin əvvəlində bunu qeyd etdim, - daha möhkəm rol oynayacaq, çünki bizim resurslarımız vardır. Avropaya alternativ mənbə lazımdır. Biz artıq müəyyən mənada böyük daşıma infrastrukturuna malikik və bu imkanlar daha da artırılmalı və genişləndirilməlidir. Bu sahədə tərəfdaşlıq qurduqdan sonra o, onilliklər boyu davam edəcəkdir.
Cənab Prezident və hörmətli dostlar, mən sizin hamınıza bizə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən dünən keçirilmiş danışıqların nəticələrindən və bu gün imzalanmış sənədlərdən məmnunluğumu bildirirəm. Səfərim davam edir. Əminəm ki, səfər və onun nəticələri münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaqdır.
Çox sağ olun.