İlham Əliyev balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib
21 iyul 2017, 11:35
Prezident İlham Əliyev Pirallahı rayonunda “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq “CMS Properties” MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulub. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən iki il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Çökə balığından kürünün çıxarılması müddəti isə təxminən üç il təşkil edəcək. Qapalı tipli ferma Avropa ölkələrində istehsal edilən ən son texnologiyalarla təchiz olunacaq.
Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır.
Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.