Azərbaycan və Latviya prezidentlərinin mətbuat üçün bəyanatları
17 iyul 2017, 13:51
Prezident Raymonds Veyonisin bəyanatı
- Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri çərçivəsində qəbul edirəm. Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır.
Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər – təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.
Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək. Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.
Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.
Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər.
Mən Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.
Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir.
Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.
Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik.
Zati-aliləri, çıxışımın sonunda bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm, çox sağ olun.
Prezident İlham Əliyevin bəyanatı
- Çox sağ olun, cənab Prezident.
İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq.
Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.
Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.
Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.
İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.
Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir.
Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.
Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun.
Nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var. Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.
Cənab Prezident qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir.
Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.
Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir.
Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Öz növbəmdə, Sizi Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sağ olun.