İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib
10 iyul 2017, 13:00
İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində iyulun 10-da prezidentlərin tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Konqres ötən il iyulun 15-də Türkiyədə baş verən hadisələr zamanı həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Dünya Neft Şurasının sədri Cozef TOT 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini və hər üç ildən bir keçirildiyini bildirdi. Bu dəfə İstanbulda “Enerji gələcəyimizə körpülər” devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazirin, 5 mindən çox dövlət nümayəndəsinin və şirkət rəhbərlərinin qatıldığını deyən Cozef Tot Konqres çərçivəsində aparılan müzakirələrin faydalı olacağına əminliyini ifadə etdi.
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK Konqresə ev sahibliyi etməyin Türkiyə üçün qürurverici olduğunu deyərək Moskvada keçirilən son Konqresdən sonra bir çox işlərin görüldüyünü, mühüm nəticələrin əldə olunduğunu bildirdi. Son illərdə Türkiyədə neft-qaz sektorunun inkişafı ilə bağlı görülən işlərdən danışan nazir enerji sahəsinə artan tələbatın ödənilməsinin, özəl sektorda yatırımların həcminin artırılmasının, milli enerji siyasətinin təməl prinsiplərinin gücləndirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğuladı. Qarşıda duran vəzifələrdən danışarkən Berat Albayrak boru kəməri layihələrinin genişləndirilməsinin də əhəmiyyətinə toxundu, qlobal enerji layihələrində Türkiyənin hər zaman təbii müttəfiq olacağını bildirərək dedi:
- Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, “Türk Axını” və Şərqi Aralıq Dənizi qaz layihələri Türkiyənin və Avropanın təbii qazla təchizatı mənbələrinin şaxələnməsi baxımından çox əhəmiyyətlidir. Türkiyə enerji sektoruna yatırılan investisiyaların artırılmasında maraqlıdır.
Sonra müasir dövrdə həyatın və sivilizasiyanın mənbəyi olan enerjinin əhəmiyyətinə həsr olunan videoçarx nümayiş etdirildi.
Bolqarıstanın Baş naziri Boyko BORİSOV çıxışında Balkan regionunda neft-qaz sektoru baxımından önəmli mövqeyə malik olan ölkəsinin gələcəkdə Avropanın təbii qazın paylanması mərkəzinə çevrilmə ehtimalının böyük olduğunu bildirdi və bu məsələdə Balkan regionunun əhəmiyyətindən danışdı. O, Azərbaycandan gələn təbii qazın qəbulu və ötürülməsində də Bolqarıstanın önəmli rol oynadığını diqqətə çatdıraraq bildirdi:
- Avropaya Azərbaycan, Rumıniya və Rusiya ilə yanaşı, Bolqarıstan vasitəsilə də təbii qaz nəql etmək imkanımız olacaq. Bununla bağlı 1 milyard kubmetr qazın nəql edilməsi üçün Azərbaycan ilə müzakirələr aparmışıq. Biz qaz anbarlarımızın daha da inkişaf etdirilməsi ilə bağlı əlimizdən gələni edəcəyik.
Albaniyanın Baş naziri Edi RAMA da neft-qaz sektorunun inkişafı sahəsində ölkəsinin böyük imkanlarının olduğunu, bu baxımdan Balkan regionunda önəmli məntəqəyə çevrildiyini bildirdi. Neft-qaz, ümumiyyətlə, enerji sektorunda Albaniyanın böyük perspektivlərindən danışan Edi Rama Xəzərdən gələn enerjinin 2020-ci ildə Avropaya çatacağını və Albaniyanın da təbii qazın qitəyə ötürülməsində önəmli məntəqə olduğunu dedi, enerji sahəsində fəaliyyət göstərən şirkətləri ölkəsinə sərmayə qoymağa dəvət etdi.
“Dünyada önəmini qoruyub saxlayan enerji sektorunun müasir dövrdə ölkələrin və xalqların mənafeyinə xidmət etməsi vacibdir”, - deyən Türkiyənin Baş naziri Binəli YILDIRIM bu sahədə ölkəsinin həyata keçirdiyi tədbirlərdən danışdı, enerji təhlükəsizliyinin siyasi problemlərinin həllinə, sülhün təmin olunmasına xidmət etməsinin vacibliyini bildirdi. Binəli Yıldırım Türkiyənin Azərbaycan və Gürcüstan ilə birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin önəmini vurğulayaraq dedi:
- Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri layihələri ilə regiona və dünyaya nümayiş etdirdik. Bu əməkdaşlığı hazırda “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində həyata keçirdiyimiz Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə də davam etdiririk.
TANAP-ın gələn il istifadəyə verilməsi nəticəsində Türkiyə hər il Azərbaycandan əlavə olaraq 6 milyard kubmetr təbii qaz alacaq. Bundan başqa, 2020-ci ildən etibarən bu xətt vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixracı məsələsi gündəmdə olacaq.
Sonra Türkiyənin dünya enerji xəritəsində oynadığı roldan bəhs edən növbəti videoçarx göstərildi. Videoçarxda Türkiyənin mədəniyyətindən, geosiyasi mövqeyindən, bu ölkənin bölgədə sülhün və təhlükəsizliyin qorunmasındakı rolundan danışıldı. Qədim zamanlarda İpək Yolunun kəsişməsində yerləşən Türkiyənin bu gün enerji kəmərlərinin kəsişdiyi nöqtədə durmasının əhəmiyyəti vurğulandı.
Hazırda enerji təminatının ölkəsinin xarici siyasətində ən önəmli yerlərdən birini tutduğunu deyən Serbiya Prezidenti Aleksandr VUÇİÇ bu məsələ ilə bağlı gələcəyə yönələn tədbirlərdən danışdı, beynəlxalq əməkdaşlığın diqqət mərkəzində saxlandığını bildirdi. Etibarlı enerji tədarükünün Serbiya üçün xüsusi önəm daşıdığını deyən Aleksandr Vuçiç ölkəsinə ixrac olunan mavi yanacağın həcminin artırılması ilə bağlı tədbirlərin görüldüyünü vurğuladı, alternativ enerji mənbələri ilə bağlı həyata keçirilən siyasətin Serbiyanın gündəmində olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.
Hörmətli xanımlar və cənablar.
Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək, qardaş türk xalqına sülh, rifah, tərəqqi arzulayıram.
Prezident Ərdoğana minnətdaram ki, məni bu Konqresə dəvət etdi. Mənə göstərilən qonaqpərvərliyə görə də minnətdaram.
Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş türk xalqına bütün Azərbaycan bacı-qardaşlarının səmimi salamlarını çatdırıram.
Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə məhz Azərbaycanda, Bakıda çıxarılmışdır. Ondan bir əsr sonra - XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən neft Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdir. Lakin o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Ancaq müstəqillik dövründə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi oldu. Müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başlamışdır. Müstəqilliyimizin ilk illərində - 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizindəki karbohidrogen yataqlarını xarici sərmayədarların üzünə açdı.
1994-cü ildən etibarən Azərbaycanın neft sənayesinə böyük sərmayə qoyulmağa başlanmışdır. Eyni zamanda, 1994-cü il ona görə əlamətdar bir tarixdir ki, məhz o ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu kontrakt Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynayır. Ondan sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edilmişdir. Bu yatağın qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrdir. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir və bu gün Cənub Qaz Dəhlizinin resurs bazasının əsasını təşkil edir.
Beləliklə, artıq Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilmişdir. Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi. Çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılmışdır. 2006-cı ildə Ceyhanda qardaşım Prezident Ərdoğanla bir yerdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak edirdik və o vaxt da biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız uğurla reallaşır. Çünki biz bu gün Cənub Qaz Dəhlizi kimi meqa layihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi Cənub Qaz Dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəkdir.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir.
Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki qalan bütün qaz mənbələri fəaliyyətdədir. Artıq yeni mənbə aşkarlanıbdır. Bu qaz ehtiyatları yeni xətlə Avropa bazarlarına çıxarılacaqdır. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır.
Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk.
Bu Konqresdə əlbəttə ki, neft, qaz məsələləri diqqət mərkəzindədir. Mən çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Adətən neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə biləydik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, çox şəffaf şəkildə qoruyuruq. Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülmüşdür. Yəni, birinci şərt budur - tam şəffaflıq. Bizim Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır.
İkinci məsələ, neftdən əldə edilən gəlirlərdən düzgün istifadə olunmalıdır. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, infrastruktur layihələrinə yönəltdik. Bu gün biz nəinki nefti, qazı, eyni zamanda, son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik. Biz sosial infrastruktur layihələrinə böyük vəsait qoyduq - məktəb, xəstəxana tikintisi. Yoxsulluqla çox ciddi mübarizə aparılır. Neft sektoru əslində çox iş yeri yaradan sektor deyil. Amma buna baxmayaraq, biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir. Yəni, düzgün siyasət və düzgün atılan addımlar nefti həm faydaya çevirə bilər, həm də bu sərvət ölkələr üçün problem yarada bilər.
Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır.
Bir sözlə, əziz dostlar, bu gün biz enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, icra etdiyimiz layihələr yada düşür. Bir daha çıxışımın əvvəlinə qayıtmaq istəyirəm. Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır.
Əziz qardaşım, dəvətə və mənə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Konqresin işinə uğurlar arzulayıram. Sağ olun.
x x x
Türkiyənin malik olduğu neft-qaz kəmərləri sistemindən, bu ölkənin enerjidən təhlükəsizlik və sülhün təmin olunması istiqamətində necə yararlanması ilə bağlı videoçarxın nümayişindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN çıxış etdi.
İstanbulun bu Konqresə ev sahibliyi etməsindən məmnun olduğunu deyən Türkiyə dövlətinin başçısı müasir dövrdə sülhün və rifahın təməli olan karbohidrogen resurslarının münaqişələrə səbəb olmasından təəssüfləndiyini söylədi, Türkiyənin dünyanın enerji xəritəsində mühüm rol oynadığını, yeni layihələrin də bu mövqeyi gücləndirəcəyini diqqətə çatdırdı.
Bu çərçivədə Rusiya ilə birgə həyata keçirilən “Türk axını” layihəsinin də əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan enerjinin sülh və təhlükəsizlik vasitəsinə çevrilməsi istiqamətində səylərin artırılmasının vacibliyini bildirdi. 2050-ci ilə qədər enerjiyə olan tələbatın bu günlə müqayisədə iki dəfə artacağını deyən Türkiyə Prezidenti dünya enerji siyasətinin hazırda enerji qaynaqlarını şaxələndirməyə yönəldiyini diqqətə çatdırdı.
“Bölgəmizin sülhə və əməkdaşlığa ehtiyacı var”, - deyən Rəcəb Tayyib Ərdoğan Körfəz böhranı da daxil olmaqla, Suriya və digər regionlarda baş verən qarşıdurmaların tezliklə həll olunmasının vacibliyini vurğulayaraq Avrasiyada enerji siyasətində mühüm oyunçulardan olan Türkiyənin enerji qaynaqlarının təhlükəsizliyinin təmin olunması, bu sahədə terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması istiqamətində bundan sonra da qərarlı siyasət yürüdəcəyini bəyan edərək dedi:
-Azərbaycan neftinin Aralıq dənizinə çatdırılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan, həmçinin Azərbaycan təbii qazının ölkəmizə və Avropaya nəqlini mümkün edən Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin inşasını uğurla başa çatdırdıq.
Hazırda Türkiyə üçün yeni layihələr sırasında prioritet bir az əvvəl deyildiyi kimi, Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizinin əsas hissələrindən biri olan Trans-Anadolu qaz boru kəməri, yəni TANAP vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazı ixrac olunacaq. TANAP kəmərinin gələn ilin ortalarında fəaliyyətə başlaması ilə Azərbaycanla yanaşı, Xəzər və hətta gələcəkdə Orta Şərq regionundan da ölkəmizə və Avropaya təbii qaz nəqlinin imkanları yaranacaq. TANAP xəttinin davamı olan Trans-Adriatik qaz boru kəməri layihəsinin – TAP-ın da planlaşdırıldığı kimi, inşallah, 2020-ci ildə istismara verilməsi gözlənilir.
Bu məsələdə dostum cənab Prezident İlham Əliyevin, həm də “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən digər ölkələrin və şirkətlərin rəhbərlərinin tam qətiyyətli mövqeyini məmnuniyyətlə görürük.
x x x
Sonda birgə foto çəkdirildi.
x x x
Qeyd edək ki, Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.