İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
24 iyun 2017, 14:35
Prezident İlham ƏliyevFransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.
Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfər etməsindən və Prezident İlham Əliyev ilə yenidən görüşündən şərəf duyduğunu bildirdi. Jan-Fransua Mansel Fransa Senatı nümayəndələrinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri istiqamətində səylərini əsirgəməyəcəyini dedi və bu məqsədlə həyata keçirəcəkləri layihələr və fəaliyyət planları barədə dövlətimizin başçısına məlumat verdi.