“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
08 iyun 2011, 17:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə əsasən q ə r a r a a l ı r :
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009-cu il, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010-cu il, № 4, maddə 276; 2011-ci il, № 3, maddə 165) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:
“Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;
32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.”.
2. 33.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 33.1.12-ci maddə əlavə edilsin:
“33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.