İlham Əliyev “Bakı-2017”nin sərbəst güləş yarışlarının ikinci günündə qalib idmançılara medalları təqdim edib
20 may 2017, 22:55
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarına yekun vurulub.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların sonuncu – ikinci günündə sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.
Gün ərzində sərbəst güləşçilər dörd çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.
Xalça üzərinə 61 kiloqram çəki dərəcəsində çıxan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara İran idmançısı Məsud İsmayılpurcuybari və pakistanlı Abdul Vahab layiq görülüblər.
Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Sərbəst güləş yarışlarının ikinci günündə milli komandamızın aktivinə ikinci qızıl medalı Cəmaləddin Maqomedov yazdırıb. Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Dünya Kubokunun qalibi Cəmaləddin Maqomedov həlledici görüşdə Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Salim Ercan və iranlı Caber Sadeqzadeh sahib olublar.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Azərbaycan pəhləvanı Murtuzəli Müslümov (70 kq) İran təmsilçisi Mostafa Hosseynxani ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində Bəhreyn təmsilçisi Adam Batırov və Türkiyə idmançısı Zafer Dama qərarlaşıblar.
Sərbəst güləş üzrə milli komandamızın aktivinə bürünc medalı isə Olimpiya çempionu Şərif Şərifov (86 kq) yazdırıb. İdmançımız bürünc medal uğrunda görüşdə Tacikistan güləşçisi Baxodur Kodirov üzərində təmiz qələbə qazanıb. Bu çəki dərəcəsində qızıl medal İran idmançısı Həssən Yazdaniçəratiyə, gümüş medala isə türkiyəli Selim Yaşara nəsib olub. Digər bürünc medalı isə Qazaxıstan təmsilçisi Adilet Davlumbayev aktivinə yazdırıb.
Beləliklə, sərbəst güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.