Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 aprel 2017, 18:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 196) ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin, 50 faizi isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edilir.”
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2017-ci il.