Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası
04 aprel 2017, 18:05
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 4 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. Texniki Şura – Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanına əsasən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin və layihə-smeta sənədlərinin verilməsini, habelə enerji təchizatı şəbəkəsinə qoşulmasını həyata keçirmək məqsədilə yaradılan, “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzlərində) (bundan sonra – mərkəzlər) fəaliyyət göstərən kollegial qurum;
1.2.2. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər;
1.2.3. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
1.2.4. enerji təchizatı müəssisəsi (bundan sonra – ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs;
1.2.5. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən sahibkar;
1.2.6. tikinti obyekti – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular.
1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır.
1.4. Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir:
1.4.1. sifarişçinin mərkəzlərə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);
1.4.2. layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma;
1.4.3. tikinti obyektinə elektrik enerjisinin verilməsi.
1.5. Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
1.6. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasından imtina edilə bilməz.
1.7. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.
1.8. Texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu müddətdə şifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.
1.9. Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir.
1.10. Sifarişçi ona verilmiş texniki şərtləri və layihə-smeta sənədlərini itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün mərkəzlərə müraciət etməlidir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilməlidir.
1.11. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı bu Qaydada tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tənzimlənir.
2. Texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün
müraciət edilməsi, habelə həmin sənədlərin hazırlanması və verilməsi
2.1. Texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki Texniki Şuraya müraciət edir. Texniki Şuraya müraciətlərin qəbulu, qeydiyyatı, habelə sənədlərin baxılması və verilməsi ilə əlaqədar katiblik funksiyaları Texniki Şuranın üzvü olan ETM-in nümayəndəsi tərəfindən həyata keçirilir.
2.2. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir:
2.2.1. sifarişçinin VÖEN-i;
2.2.2. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer);
2.2.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri (elektrik qurğularının aktiv və reaktiv gücü, etibarlılıq üzrə kateqoriyası);
2.2.4. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda).
2.3. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti və bu Qaydanın 2.4-cü bəndinə əsasən hesablanmış vəsaitin ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir.
2.4. Layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait ödənilməlidir.
2.5. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz.
2.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə və bu Qaydanın 2.1-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Texniki Şuranın üzvü olan ETM nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır.
2.7. Qeydiyyat zamanı həmin sənədlərin bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan, imtinaya əsas verməyən çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal sifarişçiyə bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir.
2.8. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
2.9. Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.8-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında Texniki Şura tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində mərkəzlər və ya sifarişli poçt göndərişi vasitəsilə sifarişçiyə təqdim edilir və ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir. Texniki Şura tərəfindən müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul olunduqda, sifarişçinin bu Qaydanın 2.4-cü bəndinə əsasən ödədiyi vəsait 1 (bir) gün müddətində geri qaytarılmalı, sifarişçiyə təqdim edilən və ya göndərilən məlumatda vəsaitin əldə olunma qaydası əks olunmalıdır.
2.10. Texniki Şura bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunla nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə Texniki Şura bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində üzv qurumlarla birlikdə tikinti obyektinə ən yaxın məsafədə yerləşən lazımi gücə malik enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.
2.11. Bu Qaydanın 2.10-cu bəndinə əsasən, Texniki Şura tikinti obyektinə elektrik enerjisi (gücü) verilməsi üçün seçilən trassa (yol) üzrə rəyi tələb olunan qurumlara həmin gün müraciət edir. Texniki Şura tərəfindən edilmiş müraciətə və təqdim olunmuş sənədlərə həmin qurumlar 3 (üç) gündən gec olmayaraq münasibət bildirməlidirlər. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən, layihə-smeta sənədlərində nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər və işlərin icrasına tələb olunan vəsait ayrıca göstərilir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab edilir.
2.12. Texniki Şura qurumların razılığını aldığı gün texniki şərtlər və layihə-smeta sənədlərinin hazırlanması üçün ETM-ə müvafiq sənədlərlə müraciət edir. ETM 7 (yeddi) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə-smeta sənədlərini hazırlayır. Texniki şərtlər və layihə-smeta sənədləri hazırlanarkən, sifarişçinin tikinti obyektinə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyi müəyyən edilməlidir. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı sahibkarın cəlbi nəzərdə tutulmur.
2.13. Layihə-smeta sənədləri hazırlanarkən mövcud şəbəkəni gücləndirmək (naqilin en kəsiyinin artırılması, transformatorların gücünün artırılması və ya dəyişdirilməsi, ehtiyat yuvaların quraşdırılması və s.) üçün ETM tərəfindən çəkilən xərclər mütənasib olaraq nəzərə alınmalıdır.
2.14. ETM tərəfindən texniki şərtlər və layihə-smeta sənədləri Texniki Şuraya təqdim olunduqdan sonra onlara 1 (bir) gün ərzində baxılır və təsdiq edildiyi təqdirdə Texniki Şuranın üzvü olan ETM nümayəndəsi tərəfindən həmin gün sifarişçiyə mərkəzlər vasitəsilə təqdim edilir və ya sifarişli poçtla və sifarişçinin ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir.
2.15. ETM tərəfindən təqdim olunan texniki şərtlərə və layihə-smeta sənədlərinə Texniki Şura tərəfindən baxılarkən onların təsdiq edilməsindən imtina edildikdə, Texniki Şura həmin gün imtinanın səbəblərini əsaslandırmaqla, imtinaya səbəb olan halların aradan qaldırılması üçün ETM-ə müraciət edir. ETM tərəfindən 2 (iki) gün müddətində imtinaya səbəb olan hallar aradan qaldırılmaqla sənədlər yenidən işlənilməli və Texniki Şuraya təqdim edilməlidir.
2.16. Tikinti obyektinin ETŞ-yə qoşulması üçün hazırlanan layihə-smeta sənədlərində göstərilən smeta xərcləri bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş işlərin yalnız ETM tərəfindən həyata keçirildiyi hallara şamil edilir.
2.17. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın sorğusu əsasında bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla verilir.
2.18. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mərkəzlər vasitəsilə göndərilən sorğuya sifarişçinin ərizəsinin surəti ilə yanaşı, tikinti ərazisinin vəziyyət planı, tikinti obyektinin yerləşəcəyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər və obyektin tikintisinə dair layihənin surətləri əlavə edilir.
3. Layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi,
tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma
3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq səhəsindən (ETM və ya ixtisaslaşdırılmış müəssisə tərəfindən müəyyən edilmiş yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri, sifarişçinin seçiminə uyğun olaraq, ETM və ya ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir.
3.2. Elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirildikdə, ETM-in balansında olan elektrik qurğularında görülməli işlər ixtisaslaşdırılmış müəssisə ilə ETM arasında bağlanmış müqavilə əsasında ETM tərəfindən icra olunur.
3.3. Tikinti obyektinin ETŞ-yə qoşulması və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsində (ETM-i tərəfindən müəyyən edilmiş yerdə) ETŞ-yə qoşulma ETM tərəfindən həyata keçirildikdə, işlər bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq verilmiş texniki şərtlərə və layihə-smeta sənədlərinə əsasən, işin görülməsi üçün həmin layihə-smeta sənədlərində əks olunan vəsait nağdsız qaydada ödənildikdən sonra 10 (on) gün müddətində yerinə yetirilir.
4. Tikinti obyektinə elektrik enerjisinin verilməsi
4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin, bu işlər ixtisaslaşdırılmış müəssisə tərəfindən yerinə yetirildiyi halda isə həmçinin həmin ixtisaslaşdırılmış müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq istismara qəbul aktı imzalanır, həmin gün ETM ilə sifarişçi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanır və ETM tərəfindən elektrik enerjisinin verilməsi təmin edilir.
4.2. İstismara qəbul aktı imzalandığı halda, ETM tərəfindən elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilə bilməz.
4.3. İstismara qəbul aktının verilməsi üçün baxış keçirilərkən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş işlərin texniki şərtlərə və layihə-smeta sənədlərinə uyğun aparılmadığı müəyyən olunduqda, bu barədə sifarişçiyə və elektrik xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisəyə 2 (iki) gün müddətində aradan qaldırılmalı çatışmazlıqlar göstərilməklə əsaslandırılmış cavab verilməlidir.
4.4. Elektrik xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisə 2 (iki) gün müddətində bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq verilən cavabda göstərilmiş çatışmazlıqları aradan qaldırmalı və görülən işlərə bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq yenidən baxış keçirilməlidir.
4.5. Elektrik xətlərini çəkən və tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisə göstərilən çatışmazlıqlarla razılaşmadıqda, həmin müəssisə bununla bağlı Texniki Şuraya müraciət edə bilər. Bu halda Texniki Şura mübahisə yaradan çatışmazlıqlarla bağlı tikinti quraşdırma işləri aparılan əraziyə 1 (bir) gün müddətində baxış keçirir və məsələ ilə bağlı qərar qəbul edir.