İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
17 mart 2017, 11:30
Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində bayram münasibətilə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini və İran xalqını təbrik etdi.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edildi, Azərbaycan Prezidenti İlham Əliyevin İrana uğurlu rəsmi səfərinin önəmi vurğulandı.
Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icra vəziyyəti, bank sektorunda əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.