İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul etmişdir
27 may 2011, 16:30
Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul etmişdir.
Rusiya Federasiyası Hökumətinin sədr müavini, Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarını dövlət başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Görüşdə, həmçinin beynəlxalq olimpiya hərəkatında Azərbaycan Milli Olimpiya Komitəsi ilə Rusiya Olimpiya Komitəsi arasında yüksək səviyyədə əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.
Dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Baş nazir Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.