İlham Əliyev Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib
06 mart 2017, 11:35
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni səhiyyə müəssisəsi barədə ətraflı məlumat verdi. Nazir qeyd etdi ki, “Ürək Mərkəzi”nin yeni inşa olunan binası altımərtəbəlidir. Binanın ümumi sahəsi 13 min kvadratmetrdir. Bu səhiyyə ocağının inşasına 2015-ci ilin əvvəlində başlanılıb və tikinti-quraşdırma işləri bu yaxınlarda başa çatdırılıb. Mərkəzin ətrafında əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Burada genişliyi və müasirliyi ilə diqqəti çəkən parkinq də fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Ürək Mərkəzi”nin binası istər memarlıq, istərsə də tərtibat baxımından ən müasir standartlara cavab verir. Bu səhiyyə ocağı da Azərbaycanın inkişaf modelinin və dövlət quruculuğu fəlsəfəsinin insan amilindən qaynaqlandığının daha bir əyani nümunəsidir. Mərkəzdə hər addımda insan amilinin başlıca meyar götürülməsi özünü əyani surətdə büruzə verir.
İntensiv terapiya-reanimasiya şöbəsi Mərkəzin birinci mərtəbəsində yerləşir. Buradakı intensiv terapiya çarpayılarının sayı 30-a qədərdir. Mərkəzdə böyüklərlə yanaşı, körpələr və uşaqlar üçün də ayrıca reanimasiya otaqları var.
Bildirildi ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır. Bu tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib. Ölkəmizə gələn xarici dövlətlərin mütəxəssislərinin də dəfələrlə təsdiqlədikləri kimi, respublikamızdakı səhiyyə ocaqlarının əksəriyyəti təchizat baxımından dünyanın inkişaf etmiş ölkələrindəki tibb müəssisələrindən heç də geri qalmır. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” də bunun növbəti əyani nümunələrindən biridir.
Reanimasiya şöbəsində Azərbaycanda ilk dəfə olaraq “hibrid” əməliyyat bloku yaradılıb. Bu cür əməliyyat zamanı xəstənin daimi müşahidəsi və müayinəsi aparılır. Ümumilikdə, “Ürək Mərkəzi”ndə həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də kardioloji-invaziv və açıq cərrahiyyə əməliyyatları həyata keçiriləcək. Yeni səhiyyə ocağında hər bir xəstə barədə ətraflı məlumat əldə etmək mümkün olacaq, müayinə və müalicə dövründəki məlumatlar arxivləşdiriləcək.
Dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya məlumat verildi ki, cərrahiyyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdiriləcək. Onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar. Xəstələrə ən müasir avadanlıqların köməyi ilə sağlamlıqlarının tam bərpası üçün yüksək səviyyədə tibbi xidmət göstəriləcək.
“Ürək Mərkəzi”ndə xəstələrin istirahəti və dolğun qidalanmalarına da maksimum diqqət yetiriləcək. Respublikamızdakı istər dövlət, istərsə də özəl tibb müəssisələrinin daxili tərtibatı da özünəməxsusluğu ilə fərqlənir. Məhz ölkəmizdəki davamlı sosial-iqtisadi inkişaf və rəqabətədavamlı iqtisadiyyatın formalaşması bu möhtəşəmlikləri qurub-yaratmağa imkan verir. “Ürək Mərkəzi”ndəki kafe də bu tibb müəssisəsinə müraciət edənlərin ürəyincə olacaq.
Mərkəzdəki konfrans salonu da istənilən səviyyəli tədbirin təşkilinə hərtərəfli imkan yaradır. Burada da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiqini tapıb.
Konfrans salonunda dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ötən beş ildə keçdiyi inkişaf yolundan bəhs edən qısa videoçarx nümayiş etdirildi.
Mərkəzdəki tədris otaqları da ən son elmi-texniki yeniliklər nəzərə alınmaqla yaradılıb. Burada tibbi heyətin bilik və bacarıqlarını artırmaları üçün mütəmadi tədbirlər həyata keçiriləcək. Bu səhiyyə ocağındakı stasionar şöbə də müasirliyi ilə diqqəti çəkir. Hər addımda səliqə-sahmanın, yüksək zövqə əsaslanan tərtibatın şahidi olursan.
Yeni mərkəzdəki çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır. Hazırda ölkəmizdə daha böyük miqyas alan yenidənqurma tədbirləri keyfiyyətcə də yeni mərhələyə yüksəlib. Bu hərtərəfli şərait tolerantlıqda dünya üçün nümunə olan Azərbaycan dövlətinin öz vətəndaşlarına həssas münasibətinin əyani nümunəsidir.
Mərkəzin poliklinikası da Azərbaycanda səhiyyə islahatlarının yüksək səviyyədə reallaşdırılmasına dəlalət edir. “Ürək Mərkəzi”ndə xəstələrin qəbulu və müalicəsini yüksəkixtisaslı həkim-mütəxəssislər aparacaqlar. Həmin tibb müəssisəsinin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk amillərinin aradan qaldırılması və profilaktikasında, uzunmüddətli müşahidə aparılmasında və hərtərəfli müalicəsində yardımçı olacaqlar.
“Ürək Mərkəzi” ilə tanış olan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu səhiyyə müəssisəsinin kollektivi ilə görüşdülər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:
-Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində yeni “Ürək Mərkəzi”nin açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl mərkəzdir. Ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəzdir. Həm bunun tikintisi, həm daxili dizaynı, əlbəttə ki, avadanlığı, müasir texnologiyalar, hər şey burada ən yüksək səviyyədə təşkil olunubdur.
Bu gün mənə göstərilən kiçik videotəqdimatda qeyd edilir ki, son beş il ərzində Diaqnostika Mərkəzi ölkəmizin həyatında, insanların sağlamlığında çox böyük işlər görür. Yüz minlərlə insan burada müalicə alıbdır. Ən müasir texnologiyalar tətbiq olunur. Yerli və xaricdən gələn həkimlər öz peşəkarlıqlarını nümayiş etdirirlər və əsas məsələ budur ki, xəstələrə yüksək səviyyəli xidmət göstərilir.
Son illər ərzində Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülübdür, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilibdir. Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Demək olar ki, biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə, Dünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət vermişdir. Statistik göstəricilərdə də bu, özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir.
Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Bilirsiniz ki, artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək.
Mən xatırlayıram, yeni istifadəyə verilmiş bütün tibb ocaqlarında vətəndaşlarla görüşlər zamanı onlara söyləyirdim ki, siz mütləq ildə bir dəfə müayinədən keçməlisiniz. Biz artıq buna nail olduq və bölgələrdə, tibb mərkəzlərində yaşanan izdiham onu göstərir ki, vətəndaşlar bu imkanlardan böyük həvəslə istifadə edirlər. Bu, ilk növbədə, insanlara lazımdır, eyni zamanda, dövlətimizin inkişafı üçün də bunun çox böyük mənası var. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir.
Biz gələcəkdə də səhiyyə sahəsində əlavə tədbirlər görəcəyik. Belə gözəl mərkəzlərin yaradılması ölkəmizin ümumi inkişafını göstərir. Çünki əgər bu mərkəz dünyanın ən qabaqcıl tibb mərkəzlərindən fərqlənirsə, ancaq müsbət istiqamətdə fərqlənir. Çünki bu səviyyədən daha yuxarı səviyyəni təsəvvür etmək mümkün deyil. Burada yüzlərlə həkim, tibb işçisi fəaliyyət göstərir və onların da peşəkarlığı, əminəm ki, bax, burada yaradılmış səviyyəyə uyğundur.
Gözəl əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.
X X X
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül XƏLİLOVA kollektiv adından minnətdarlığını çatdıraraq dedi:
-Möhtərəm cənab Prezident.
Çox hörmətli Mehriban xanım.
Sizi bu gün burada görməkdən biz çox şadıq. İlk növbədə, iş qrafikinizin gərgin olmasına baxmayaraq, vaxt tapıb bizim mərkəzə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildirmək istəyirik. Beş il əvvəl – 2011-ci il dekabrın 27-də Sizin xeyir-duanızla Respublika Müalicəvi Diaqnostika Mərkəzi fəaliyyətə başlayıb. Ötən müddət ərzində bu Mərkəz nəinki ölkəmizdə, hətta beynəlxalq qurumlar tərəfindən də qabaqcıl bir tibb müəssisəsi kimi tanınıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının qızıl sertifikatına layiq görülüb, mərkəzi laboratoriyası isə beynəlxalq ISO sertifikatını alıb.
Azərbaycan səhiyyəsi həmişə Sizin qayğınızı, diqqətinizi hiss edir. Mən uzun müddətdir səhiyyə sahəsində çalışıram və əminliklə deyə bilərəm ki, son illər ölkəmizin səhiyyəsində ciddi müsbət dəyişikliklər baş verib. Sizin sayənizdə Azərbaycanda elə bir rayon, elə bir bölgə yoxdur ki, orada yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılmasın, müasir avadanlıqla təchiz olunmasın və insanların istifadəsinə verilməsin. Buna görə biz Sizə çox minnətdarıq.
Sizin tövsiyənizlə hər il ölkə vətəndaşlarının pulsuz müayinədən keçmək imkanları yaranıb. Bundan başqa, onu da demək istəyirəm ki, Sizin diqqət və qayğınız sayəsində təhsil proqramı da hazırlanıb. Həmin təhsil proqramı olmasaydı, indi bu müasir, mürəkkəb aparatlarla işləməyə ixtisaslı mütəxəssislər tapılmazdı. Bizim Diaqnostika Mərkəzində də əməkdaşların çoxu xaricdə yüksək səviyyəli təhsil alıb və indi burada gənc mütəxəssislər kimi çalışırlar. Biz Sizin səhiyyəyə qayğınızı daim hiss edirik. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı qərarınızı biz çox bəyənirik. İcbari tibbi sığorta artıq indi pilot rayonlarda tətbiq olunur və ümidvarıq ki, bu, tezliklə bütün ölkədə tətbiq ediləcək.
Çox hörmətli Mehriban xanım, fürsətdən istifadə edib Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik. Siz çıxışınızda vurğulamısınız ki, Sizə inanan insanların etimadını doğrultmağa çalışacaqsınız. Mən Sizi əmin edirəm ki, Sizə bütün Azərbaycan xalqı inanır, Sizi sevir, çox istəyir və hər zaman Sizi dəstəkləməyə hazırdır. Siz öz işinizlə, fəaliyyətinizlə, xeyirxahlığınızla hamının hörmətini qazanmısınız. Biz Sizi çox sevirik. Biz Sizinlə fəxr edirik. Şübhəsiz, əminik ki, Siz bu məsuliyyətli yeni işinizin öhdəsindən də uğurla gələcəksiniz.
Möhtərəm cənab Prezident, Sizə öz hörmətimizi, ehtiramımızı bir daha bildirmək istəyirik. Buraya gəldiyiniz üçün çox sağ olun.
X X X
Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva kollektivə uğurlar arzuladılar.
Sonda xatirə şəkli çəkdirildi.