Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 fevral 2017, 19:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beynəlxalq təcrübəni nəzərə almaqla, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. beynəlxalq təcrübəni nəzərə almaqla, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra onun milli standartlaşdırma qurumu kimi, bu Fərmanın 3.3-cü bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra isə onun milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçirsin;
1.5. bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləğinin inzibati təsnifata uyğun olaraq bölgüsündə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitin həmin publik hüquqi şəxslərə ayrılmasını təmin etsin;
1.6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təklifləri əsasında və bu Fərmanın 1.5-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondunun formalaşdırılmasını təmin etsin;
1.7. bu Fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təklifləri əsasında həmin Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin, Dövlət Metrologiya Xidmətinin və Dövlət Akkreditasiya Xidmətinin istifadəsində olan dövlət əmlakının bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilməsini üç ay müddətində təmin etsin;
1.8. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan qanun layihəsi hazırlanarkən aşağıdakı meyarlar nəzərə alınsın:
2.1. məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması;
2.2. texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması;
2.3. məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) onların risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi;
2.4. yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması.
3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi:
3.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi yaratsın;
3.2. standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;
3.3. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;
3.4. qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi bir ay müddətində yaratsın;
3.5. bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;
3.6. bu Fərmanın 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən həmin publik hüquqi şəxslərin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən hüquqi şəxslərin ləğv edilməsi və onların əmlakının yeni yaradılan publik hüquqi şəxslərin balansına verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görsün;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanması və fəaliyyətinin təmin edilməsi həmin fəaliyyətdən əldə etdikləri gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına həyata keçirilir.
5. Bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı həmin publik hüquqi şəxslərə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmanın 3.1–3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirlər görsün.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2017-ci il.