İlham Əliyev Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
26 may 2011, 17:15
Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul etmişdir.
Səfir Zoran Vayoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Zoran Vayoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini bildirdi. Serbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Dövlət başçısı Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etməsinin əhəmiyyətini də vurğuladı. Prezident İlham Əliyev Zoran Vayoviçə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Zoran Vayoviç Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirdi. Diplomat ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.