İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib
19 yanvar 2017, 17:00
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib və sualları cavablandırıb.
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak edirdilər.
Tədbirin aparıcısının “Müasir İpək Yoluna yatırılan siyasi və infrastruktur investisiyalar Asiya və Avropada iqtisadi artıma və ahəngdarlığa necə təsir göstərir, İpək Yolu təkcə torpaq üzərindən yox, həm də dənizdən keçir” sualına cavabında Prezident İlham ƏLİYEV dedi:
-İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik. Regionda etibarlı siyasi münasibətlər olmazsa, biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq. Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur. Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaq və onlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik. Əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bu yol həm də dənizdən, Xəzər dənizindən keçməlidir. Ona görə də bu layihənin davamlı inkişafını təmin etmək üçün kifayət qədər nəqliyyat infrastrukturu, limanlar, gəmilər və tankerlər mövcud olmalıdır.
Daha sonra tədbirin aparıcısı İpək Yolu layihəsinin reallaşmasında Çinin fəaliyyəti və bu layihədə iqtisadi diplomatiyanın rolu ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Biz artıq hazırlıq işlərinə başlamışdıq. Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir. Çünki indi biz bu çatışmayan seqmentin tamamlanmasına çox yaxınıq. Eyni zamanda, bu, Çinin “Bir kəmər - bir yol” baxışı ilə də üst-üstə düşür. Bizim Çin ilə əlaqələrimiz var və artıq İpək Yolu test rejimində fəaliyyət göstərir. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək, Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, Gürcüstan və Avropadan keçərək gəlmişdir. Biz bu yolun təchizatçılar üçün necə cəlbedici olması üzərində çalışırıq. Eyni zamanda, qeyd etdiyim kimi, bu layihə təkcə investisiyalar və nəqliyyat infrastrukturundan ibarət deyil, - baxmayaraq ki, bunlar çox önəmlidir, - bu layihə həm də qarşılıqlı bağlılıq yaradır. Qarşılıqlı bağlılıq isə dostluğu gücləndirir. İpək Yolu üzərində yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətləri olduğuna görə biz çox xoşbəxtik. Lakin bu qarşılıqlı bağlılıq bunu daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr - müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək və hesab edirəm ki, bu, dünyanın yeni bir modelidir. Çünki biz Azərbaycanda mədəniyyətlərarası dialoq məsələsinə çoxlu investisiya yatırırıq. Məsələn, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdu, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Biz eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox azsaylı ölkələrdənik. Biz Avropa və Asiya arasında yerləşirik. Bu coğrafi yerləşmə, tarixi irsimiz və siyasi gündəliyimiz həmin layihəni ərsəyə gətirmək üçün bizə çox kömək edir. Əlbəttə ki, biz bu layihəyə aid istənilən təşəbbüslərə dəstək verəcəyik. Biz bu istiqamətə daha çox yükdaşımalarını cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək Yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər.
Yeri gəlmişkən, Azərbaycan həm də başqa bir layihə üzərində çalışır. Bu, “Şimal-Cənub” layihəsi adlanır. Bu layihə Hindistanı, İranı, Azərbaycanı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Bu layihənin bizim əraziyə aid olan hissəsi tamamlanıb. Ümid edirik ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.
Tədbirin aparıcısı sonra Prezident İlham Əliyevin kiber İpək Yoluna baxışla bağlı fikirləri ilə maraqlandı, layihə üzərində rəqəmsal əlaqəni yaratmaq üçün baxışın nədən ibarət olduğunu soruşdu.
Prezident İlham ƏLİYEV: Biz bunun üzərində çalışırıq. Əslində, İKT sektoru Azərbaycan üçün prioritet sayılan sahələrdəndir. Biz bu sahəni inkişaf etdirmək üçün investisiya yatırmışıq. Əhalimizin 75 faizdən çoxu internet istifadəçisidir. Hər bir kəndə genişzolaqlı interneti gətirmək üçün bizim dövlət tərəfindən maliyyələşdirilən proqramımız var. Əlbəttə ki, biz kiber təhlükəsizliklə bağlı məsələlər üzərində də çalışırıq. Biz hələ bu təhlükələrə məruz qalmamışıq. Lakin ölkə nə qədər çox inkişaf edərsə, o, bir o qədər də risklərlə üzləşir.
Başqa bir layihə də var. Onun adı TASİM-dir. Bu, İpək Yolu ilə eyni dəhliz üzərindən keçən kommunikasiya xəttidir. Əslində, bu dəhlizlər bir-biri ilə bağlıdır. Məsələn, indi biz enerji resursları haqqında danışırdıq. Sizə deyə bilərəm ki, Azərbaycanın enerji resursları İpək Yolunun bərpasında mühüm rol oynamışdır. Çünki biz tərəfdaş ölkələr qarşısında bu ideyanı irəli sürəndə ən böyük problem maliyyələşmənin olmaması ilə bağlı idi. Biz bir neçə maliyyə institutuna müraciət etdik, lakin onlar maliyyə dəstəyini təmin etmək üçün o qədər də həvəsli deyildi. Beləliklə, biz nə etdik. Biz enerji resurslarından qazandığımız gəlirlərdən istifadə etdik, sərmayə yatırmağa başladıq və tərəfdaşlarımıza maliyyə dəstəyi göstərdik. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən neft və qaz kəmərlərindən ibarət olan enerji dəhlizinə baxsanız, İpək yolunun əsasən, eyni dəhliz olduğunu görəcəksiniz. Əgər bu layihələr olmasa idi, çox güman ki, biz dəmir yolu bağlantısının tikintisinə başlamazdıq. Buna görə də bütün bu dəhlizlər əlaqəlidir.
Bu gün biz artıq elektrik enerjisinin ixracı üçün yeni bir dəhliz yaratmışıq. Bu dəhliz Azərbaycan və Gürcüstandan Türkiyəyə gedir. Biz elektrik xətlərimizi birləşdirmişik. Beləliklə, bir layihə digər bir layihəyə yol açır. Biz indi elektrik enerjisini, qazı və nefti ixrac edirik, dəmir yolunu tikirik və əlbəttə ki, rəqəmsal sahəyə də investisiyalar yatırmağa davam edəcəyik. Doğru qeyd edildiyi kimi, bu layihələrin rəqəmsal dəstəyi səmərəliliyi artıracaq və daha çox faydalar gətirəcəkdir.
Honq-Konq Universitetinin nümayəndəsi Piter Vatson həyata keçirilən qlobal layihələrdə işçi qüvvələrindən istifadə və İpək Yolu ilə insanların gediş-gəliş prosesləri ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Bizim ölkəyə gəldikdə, müsbət demoqrafik dinamikamız var. Müstəqilliyimizi 1991-ci ildə bərpa etdikdən sonra əhalimizin sayı 2 milyondan çox artmışdır. Buna görə bizdə xarici işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı problem yoxdur. Lakin insanların axını ilə bağlı suala gəldikdə hesab edirəm ki, bu, bizim ölkələr üçün də çox yaxşı olacaqdır. Hesab edirəm ki, bu layihələr həm də turistlərin sayının artmasında önəmli rol oynayacaqdır. Düşünürəm ki, daha çox turist cəlb etmək üçün ölkələr arasında müəyyən formada əməkdaşlıq aparılmalıdır. Əlbəttə, müştərək turizm məkanları və ya bir neçə ölkəyə səfərləri gerçəkləşdirən həftəlik proqram haqqında düşünmək olar. Bu yaxınlarda Azərbaycanda elektron viza sistemi adlı yeni bir layihəyə start verilmişdir. İndi Azərbaycana səfər etmək istəyən hər bir şəxs evini və ya iş yerini tərk etmədən ölkəyə səfər etmək üçün 3 gün ərzində elektron vizanı əldə edə bilər. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və əvvəl də qeyd etdiyim kimi, İpək Yolu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək. Bu, regionumuzu daha da sabit edəcək.
“Green Peace İnternational” təşkilatının icraçı direktoru Cennifer Morqan İpək Yolu layihəsinin reallaşmasında ekoloji problemlərin həlli, bu işdə həm QHT-lərin rolu, həm də dayanıqlı inkişaf məsələləri ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Ətraf mühitlə bağlı məsələlərə həmişə böyük narahatlıq və diqqətlə yanaşılır. Mən sizə neft boru kəmərinin Azərbaycandan Gürcüstana və Türkiyənin Aralıq dənizinə podrat işlərini apardığımız vaxtı xatırlada bilərəm. Həmin vaxt vəziyyəti müşahidə etmək üçün ətraf mühitlə məşğul olan QHT-lər çox fəal idi və canlılar üçün ətraf mühiti təmin etmək məqsədilə bir çox tədbirlər görülmüşdür. Bütün tədbirlər ən yüksək səviyyədə görülmüşdür.
Ekoloji fəlakətdən əziyyət çəkmiş bir ölkə kimi, Azərbaycan təmiz enerjiyə çoxlu investisiya yatırır. Biz hidro, günəş və külək enerjilərinə indi çoxlu investisiya yatırırıq. Eyni zamanda, Azərbaycanda, xüsusilə Xəzər dənizinin bizə aid olan hissəsində neft-qaz əməliyyatları tamamilə beynəlxalq standartlara uyğun surətdə aparılır. Azərbaycan, Bakı 1847-ci ildə dünyada neftin ilk dəfə istehsal olunduğu məkandır. Həmin vaxtda və XX əsrin əksər hissəsində ekoloji məsələlər prioritet sayılmırdı. Odur ki, biz müstəqilliyimizi bərpa etdikdən sonra həmin amilə görə ətraf mühitin çirklənməsi nöqteyi-nəzərdən çox çətin vəziyyətdə idik. Xüsusilə Abşeron yarımadasını, Xəzər dənizini nəzərdə tuturam. Biz bu əraziləri təmizləmək üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləməkdə davam edirik. Əlbəttə ki, biz ətraf mühitin qorunmasına çox ehtiyatla yanaşırıq. Biz bu hədəflərə yalnız yaxından əməkdaşlıq edərək nail ola bilərik. Çünki biz eyni səmanı, havanı paylaşırıq, eyni suyu içirik. Buna görə də düşünürəm ki, ölkələrin öhdəlikləri və aparıcı QHT-lərin bu vəziyyəti yaxından müşahidə etməsi çox önəmlidir.
Tədbirin aparıcısı İpək Yolu layihəsinin icrası zamanı səmərəli təşəbbüslərə özəl sektorun investisiyalarının cəlb olunmasının əhəmiyyətindən danışdı, bu niyyəti reallaşdırmaq, mövcud layihələrə özəl sektor kapitalını daha çox cəlb etmək üçün nəyin lazım olması ilə maraqlandı.
Prezident İlham ƏLİYEV: Azərbaycanda bütün əsas nəqliyyat infrastruktur layihələri dövlət büdcəsindən və Dövlət Neft Fondundan maliyyələşdirilmişdir. Çünki birincisi, özəl sektorun investisiya yatırmaq üçün kifayət qədər vəsaiti yox idi və ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində özünü doğruldacaq və gəlir gətirəcəkdir. Buna görə dəmir yolu infrastrukturu, Xəzər gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də imkanlar yaradır.
Mən Bakıda yeni limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz limanının yaxınlığında yerləşir. Bütün yerli və xarici şirkətlər bu layihədə iştirak etməyə və istehsal prosesinə qoşulmağa dəvət olunurlar. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində xüsusi sənaye zonaları təşkil etmək üçün biz xüsusi infrastruktur yaradırıq və orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar. Beləliklə, biz özəl sektora yaxşı şərait yaratmağa və onlar üçün çox ağır olan maliyyə yükü qoymamağa və infrastruktur yaratmaqla özəl sektoru stimullaşdırmağa çalışırıq.
Bu gün bir çox ölkələr İpək Yolunun müxtəlif seqmentlərinə diqqət yetirir. Biz bilirik ki, İpək Yolu qlobal layihədir. Ona görə də mənim təklifim İpək Yolu üzərində yerləşən, İpək Yoluna qoşulmaq istəyən, lakin ola bilsin, ona yaxın olmayan bütün ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi, layihənin yenidən nəzərdən keçirilməsi və nə vaxt, nəyi etmək lazım olması - qrafik, hədəflər, həyata keçirilmə ilə bağlı konkret qərarların qəbul edilməsi və bütün ölkələr arasında əlaqələndirmə qurumunun yaradılması, ildə bir dəfə görüşün keçirilməsi və layihənin icrasına nəzarət olunmasından ibarətdir.