Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
13 yanvar 2017, 18:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə 3.0.48-1-ci yarımbənd əlavə edilsin:
“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2017-ci il.