İlham Əliyev Şahbuz rayonunun mərkəzinə və ətraf kəndlərinə içməli suyun verilməsi mərasimində iştirak edib
11 yanvar 2017, 14:50
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlət başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verildi.
Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.
Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı.
Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.
Bildirildi ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.
Dövlət başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.