İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
11 yanvar 2017, 13:05
Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimi olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, inşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir. Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.
Dövlətimizin başçısı yeni stansiyanın təməlini qoydu.
Belə stansiyaların istifadəyə verilməsi Azərbaycanda, o cümlədən Naxçıvanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Bu cür layihələrin icrası həm də respublikada dövlətimizin başçısının tapşırığı ilə alternativ və bərpaolunan enerjidən istifadənin geniş tətbiqi üçün hərtərəfli imkanlar açır.
Sonda xatirə şəkli çəkdirildi.