İlham Əliyev paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olmuşdur
20 may 2011, 16:00
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olmuşdur.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində yolların abadlaşdırılması, paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni park və xiyabanların, yaşıllıq zolaqlarının salınması istiqamətində xeyli işlər görülmüşdür. Hava limanından şəhərə gələrkən Heydər Əliyev prospekti boyu həyata keçirilən abadlıq və quruculuq işləri ölkə əhalisində və xarici qonaqlarda xoş təəssürat yaradır. Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev prospekti əsaslı surətdə yenidən qurulmuş, magistral genişləndirilərək yeni yol ötürücüləri və körpülər inşa edilmiş, yaşayış binalarının fasadları müasir səviyyədə təmir olunmuşdur. Dövlətimizin başçısı paytaxt və paytaxtətrafı kəndlərdə, qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlayır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev paytaxtın giriş qapısı hesab edilən Heydər Əliyev prospektinin şəhərə qədər olan hissəsinin daha da abadlaşdırılması, yol boyu yaşıllıq zolaqlarının salınması, Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.