logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İkinci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına

Text size icon-size icon-size

20 may 2011, 11:00

Əziz dostlar!

Sizi bu il “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” adı altında keçirilən forumun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, belə tədbirlərin keçirilməsi ikitərəfli əlaqələrin gələcəkdə möhkəmlənməsi və intensivləşməsi istiqamətində hər iki ölkənin səylərini əyani nümayiş etdirən xoş ənənəyə çevrilmişdir.

Xalqlarımız qədim zamanlardan dostluq və həmrəylik şəraitində yaşamış, mehriban qonşuluq ənənələrini qoruyaraq zənginləşdirmişlər. Müstəqillik əldə edildikdən sonra iki dövlət arasındakı münasibətlər suveren bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etməyə başlamışdır. Dərin məmnunluq hissi ilə qeyd etmək olar ki, Rusiya və Azərbaycan rəhbərliyinin birgə səyləri sayəsində bu gün təxirə salınmadan həlli tələb olunan dövlətlərarası böyük problemlər qalmamışdır. Son illər Rusiya-Azərbaycan əlaqələri daha yüksək səviyyəyə çatmışdır. Hazırda bu əlaqələr strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir, əlaqələrimiz isə daha çoxşaxəli və məzmunlu olmuşdur.

Əlamətdar haldır ki, regionlararası əməkdaşlıq məsələlərinə həsr olunmuş İkinci Rusiya-Azərbaycan forumu Həştərxanda keçirilir. Azərbaycan Rusiya Federasiyasının bir sıra subyektləri, o cümlədən Həştərxan vilayəti ilə sıx əlaqələr saxlayır.

Şadıq ki, burada yaşayan azərbaycanlılar diyarın sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onun inkişafına sanballı töhfə verirlər.

Hörmətli forum iştirakçıları!

Əminəm ki, fəal dialoq zamanı ikitərəfli əməkdaşlığın möhkəmlənməsi və şaxələndirilməsi perspektivlərini müəyyənləşdirə biləcəksiniz, forum isə ölkələrimizin bundan sonra da yaxınlaşması yolunda daha bir addım olacaqdır.

Sizin hamınıza işinizdə uğurlar və əməli nəticələr arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi