İlham Əliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak etmişdir
19 may 2011, 17:47
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə Dövlət Sərhəd Xidməti ən müasir tələblər səviyyəsinə yüksəlmişdir. Son illər dövlət sərhədlərinin etibarlı şəkildə qorunması, xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatla təmin olunması, yeni sərhəd infrastrukturunun yaradılması, kadr hazırlığı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görülmüşdür. Xidmətin təkmilləşdirilməsi dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinə, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır.
Dövlət Sərhəd Xidmətində sərhədçilərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtın Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış kompleksi tikilib istifadəyə verilmişdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni yaşayış kompleksinə gəldi.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunmuşdur. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılmışdır. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı vardır.
Dövlət başçısı yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış oldu. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Yaşayış kompleksi ilə tanışlıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim etdi.