İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
23 dekabr 2016, 10:00
Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Əziz idmançılar.
Hörmətli xanımlar və cənablar.
Biz hər ilin sonunda ənənəvi olaraq idmançılarla görüşürük. Bu ənənə artıq 20 ilə yaxındır ki, davam edir. Hər il idmançılarımızı mükafatlandırırıq, onları təbrik edirik və əlbəttə ki, biz bu il də bu ənənəyə sadiqik.
Artıq 20 ilə yaxındır ki, mən Milli Olimpiya Komitəsinin prezidenti kimi bu görüşləri keçirirəm. Fürsətdən istifadə edərək bu il də yenidən məni Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçən Milli Olimpiya Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, bundan sonra da idmanın, Olimpiya hərəkatının uğurlu inkişafı daim diqqət mərkəzində olacaq.
Son 19 il ərzində görülən işlər göz qabağındadır. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Əgər Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər oyundan-oyuna Azərbaycanın qazandığı medalların sayı artır. Yəni, bu, müsbət dinamikadır. Əslində dinamika hər bir məsələnin təhlili üçün əsas amildir. Biz daim inkişafdayıq. Əminəm ki, müsbət dinamika bundan sonra da davam edəcək, baxmayaraq ki, son Yay Olimpiya Oyunlarında qazandığımız nəticəni təkrarlamaq çətin olacaq. Bununla bərabər, mən yaxşı xatırlayıram ki, 2000-ci ildən sonra hər dəfə Yay Olimpiya Oyunlarına yekun vuraraq oxşar fikirlər səslənmişdir ki, böyük nəticə qazanılır, bunu təkrar etmək çətin olacaq. Ancaq biz nəinki bu nəticələri oyunlardan-oyunlara təkrar etmişik, onları artırmışıq.
Bu il bizim idmançılarımız beynəlxalq yarışlarda yüzlərlə medal qazanmışlar. Yəni, bütün beynəlxalq yarışlarda Azərbaycan bayrağı dalğalanır. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün beynəlxalq idman tədbirlərində Azərbaycan ləyaqətlə təmsil olunur. Son illər ərzində çox güclü idmançılar nəsli yetişib. Gənclərimiz - müstəqillik dövründə doğulan, yetişən idmançılar bu gün şöhrətimizi yüksəklərə qaldırırlar. 2016-cı il ölkəmizin idman tarixində xüsusi yer tutacaq. İlk növbədə, ona görə ki, biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq. Bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olmuşdur.
Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, istəyirəm ki, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu parlaq qələbə münasibətilə mən bir daha bütün idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik etmək istəyirəm. Rioda qazandığımız böyük qələbə, eyni zamanda, onu göstərir ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o Oyunlarda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və komanda hesabında 2-ci yerə layiq görülmüşük. Rio Olimpiya Oyunlarının bir göstəricisini də diqqətinizə çatdırmaq istəyirəm. Biz bu Oyunlarda 56 idmançı ilə təmsil olunmuşuq və 18 medal qazanmışıq. Bu göstəriciyə görə biz iştirak etmiş bütün ölkələr arasında birinci yerdəyik.
Ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərdi. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edir, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər.
Bax, idman nəticələrimiz bundan ibarətdir. Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyükmiqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik. Onu da bir daha xatırlatmaq istəyirəm ki, Avropa Oyunlarının hazırlanması üçün bizim cəmi iki il vaxtımız var idi. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik.
Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərmişdir və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq.
Bu il ilk dəfə olaraq Formula-1 yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki Formula-1 yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. Formula-1 yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb. Elə ölkələr var ki, bu il o ölkələrdən Azərbaycana gələn turistlərin sayı 30-40 dəfə artıb və bu proses davam edir. Çünki bu gün Azərbaycan dünyada həm qüdrətli, eyni zamanda, ən müasir infrastruktura, ən gözəl xidmət sahələrinə malik, təhlükəsizlik təmin olunan ölkə kimi tanınır. Bax, bütün bu amillərin sintezi Azərbaycanı xarici turistlər üçün çox cəlbedici ölkəyə çevirib. Əgər biz gözəl iqlimimizi, gözəl mətbəximizi, tarixi abidələrimizi, 9 iqlim qurşağını əlavə etsək, bir daha görərik ki, biz doğrudan da xoşbəxt insanlarıq, belə gözəl ölkədə yaşayırıq və belə gözəl ölkəni daha da gözəlləşdiririk.
Ona görə Formula-1 yarışının əhəmiyyəti bundan sonra da illərlə özünü göstərəcək. Turizmdən gələn gəlir ölkə iqtisadiyyatını gücləndirir, yeni iş yerlərinin açılmasına xidmət göstərir və iqtisadi şaxələndirməni təmin edir.
Biz gələn il İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da çox rəmzi məna daşıyır. Bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa, həm İslam oyunları keçirilir. Bu, bizim niyyətimizi göstərir. Çünki idman yarışları, o cümlədən Avropa Oyunları sadəcə olaraq idman tədbiri deyildi, bu, bir dostluq bayramı, həmrəylik təzahürü idi.
Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir və il ərzində bir çox mötəbər tədbir keçirilmişdir. İslam Oyunlarının, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha multikulturalizm ideyalarını təbliğ və tərənnüm edir. Əminəm ki, biz İslam Oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik, bizim təcrübəmiz var və Oyunların başlamasına təqribən 6 ay vaxt qalır. Demək olar ki, bütün əsas hazırlıq işləri görülübdür. Əlbəttə ki, bu Oyunlara sərf olunan xərclər çox aşağı səviyyədədir. Çünki bizim bütün infrastrukturumuz var, təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədədir. Əminəm ki, bu yarışlarda iştirak edəcək idmançılar Bakıdan ən xoş təəssüratlarla ayrılacaqlar.
Bu yaxınlarda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir və bu da Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə ikinci mötəbər tədbirdir. Biz artıq dünyada bir idman mərkəzi kimi tanınırıq. Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu, beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə, bütün bu illər ərzində bəzi antiazərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmamışdır. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərir. Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir.
Əlbəttə, bu uğurların əsasında idmançılarımızın peşəkarlığı, fədakarlığı, məşqçilərin peşəkarlığı dayanır. Eyni zamanda, dövlət siyasəti aparılır. İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Bölgələrdə 40-dan çox müasir Olimpiya İdman Kompleksi yaradılıbdır. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki Olimpiya İdman Kompleksi açılmalıdır. Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın. İndi əksər şəhərlərimizdə bu imkanlar var, harada ki, yoxdur, orada da olacaq.
Biz idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Onlar Vətəni təbliğ edirlər. Onlar bizim səfirlərimizdir. Onlar Azərbaycan bayrağı altında çıxış edirlər. Ona görə onlarda vətənpərvərlik ruhu çox yüksəkdir, fiziki güc də var və bütün bölmələrdə uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün tədbirlər görülür. Biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın.
Bu il artıq başa çatır. Bir daha qeyd etmək istəyirəm ki, bu il ərzində bizim çoxlu idman qələbələrimiz olubdur. Əminəm ki, idmançılar bizi gələn il də qələbələrlə sevindirəcəklər. Mən bütün Azərbaycan idmançılarını, idman mütəxəssislərini qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm və Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim etdi.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olundu.
Dövlətimizin başçısı İlham Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin “Olimpiya” ordenlərini təqdim etdi.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif edildilər.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzuladı.