Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Heydər Əliyev Fondunda olmuşlar
17 may 2011, 20:00
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Heydər Əliyev Fondunda olmuşlar.
Çexiya dövlət başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.
Prezident İlham Əliyev ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Çexiya Prezidenti və xanımı ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.
Fondla tanışlıq zamanı Prezident Vatslav Klaus və xanımı Liviya Klausovaya məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq və xanımı fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Prezident Vatslav Klaus Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Çexiya dövlətinin başçısına Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu.
Ali qonaq və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.