İlham Əliyev Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
29 noyabr 2016, 10:20
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane dedi: “Biz Sizə dostunuz, Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın salamlarını çatdırırıq”.
Xanım Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək, bunun üçün böyük potensialın mövcudluğunu qeyd etdi. O, Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağını dedi. Xanım Maite Nkoana-Maşabane bildirdi ki, Cənubi Afrika Respublikasında insanlar Azərbaycan haqqında çox müsbət fikirdədir. Qonaq, həmçinin bir sıra həmvətənlərinin ölkəmizdə yüksək texnologiyalar sahələrində təhsil almalarını məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Prezident Ceykob Zumanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cənubi Afrika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.