İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
16 noyabr 2016, 12:00
Prezident İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.
Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər zamanı ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Turizm sahəsində əməkdaşlığın önəminə toxunan Prezident İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğuladı. İqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən Prezident İlham Əliyev bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını dedi.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair qeyd etdi ki, Azərbaycan çox gözəl bir diyardır və buraya gələn turistlər insanların qonaqpərvərliyinin və xoş əhvali-ruhiyyəsinin şahidi olduqlarını deyirlər. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artmasını məmnunluqla qeyd etdi və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.