Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı İlham Əliyevin nitqi
12 noyabr 2016, 13:15
Sizi ürəkdən salamlayıram. Füzuli rayonunda yenidən olmağımdan çox məmnunam. Bu gün 400 köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılışını qeyd edirik. Gözəl qəsəbədir, bütün şərait yaradılıb. Məktəb, uşaq bağçası, tibb məntəqəsi, gözəl fərdi evlər tikilib, təbii ki, infrastruktur layihələri icra edilib, içməli su, qaz, elektrik xətləri çəkilib, yollar salınıb.
İnşaatçılar da yaxşı işləyiblər. Mən onları da salamlayıram, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. İnşaatçılar son illər ərzində məcburi köçkünlər üçün 95 qəsəbə salıblar. Bu qəsəbələr yüksək səviyyədə qurulub, bütün şərait yaradılıb. Artıq bu, Azərbaycan standartıdır. Burada yaradılmış məktəbin, uşaq bağçasının binaları, fərdi evlər zövq oxşayır. Ona görə mən inşaatçıları da salamlayıram, köçkünlərə də öz hörmətimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür. 2004-cü ildə müvafiq proqram qəbul edilmişdir. 2007-ci ildə bu proqrama əlavələr edilmişdir. Bu proqramın icrası uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrılmışdır. Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir. Hələ ki, görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər üçün, ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır.
Bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Gələn il yeni qəsəbələr salınacaqdır. Dövlət Neft Fondundan maliyyələşən bu qəsəbələrin inşası əlbəttə ki, köçkünlərin vəziyyətini bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq.
Sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. Bu, mənim 2003-cü ildə seçkiqabağı vədlərimdən biri idi ki, 5 il ərzində çadır şəhərcikləri ləğv ediləcək. Biz buna dörd il ərzində nail olduq. Bu gün isə fin tipli sonuncu qəsəbə ləğv olunur. Fin tipli 16 qəsəbə var idi, indi onların biri də qalmayıb. Fin tipli sonuncu qəsəbənin yerində Füzuli köçkünləri üçün yeni müasir qəsəbə salınacaq. Beləliklə, Füzuli rayonunun köçkün problemi demək olar ki, öz həllini tapacaq.
Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır. Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16 qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl şərait yaradılıbdır. Bu, bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə elə budur. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir.
Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir – Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz.
Bu gün mənə məruzə edildi ki, Füzuli rayonunda 120 min ton taxıl yığılıbdır. Ancaq sovet vaxtında cəmi 40 min ton taxıl yığılırdı. Hələ rayonun yarısı işğal altındadır. Düzdür, o illərdə 120 min ton üzüm yığılırdı. İndi üzüm istehsalı yoxdur. O vaxt 200 tondan çox barama yetişdirilirdi. Biz baramaçılığı indi bərpa edirik. Biz o səviyyəyə yəqin ki, bir neçə ildən sonra çatmalıyıq. Yəni Füzuli rayonunun potensialı çox böyükdür. İnsanlar da zəhmətkeşdir, vətənpərvərdir. Ona görə rayonun gələcək inkişafı ilə bağlı atılacaq addımlar Füzulini daha da gücləndirəcək. İndi kənd təsərrüfatının digər sahəsi – pambıqçılıq sürətlə inkişaf edir. Keçən il heç pambıq istehsalı yox idi.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev: Keçən il olmayıb, bu il 300 tondan artıqdır, hələ yığacağıq da.
Prezident İlham Əliyev: 300 tondan artıq, gələn il yəqin ki, bir neçə min ton olacaq.
Alı Alıyev: Bəli, cənab Prezident, gələn il üçün 2 min hektardan çox sahədə pambıq əkiləcək. Müqavilələr də bağlanılıb.
Prezident İlham Əliyev: Müqavilələr bağlanılıb, o cümlədən, bax, aprel ayında işğaldan azad edilmiş torpaqlarda da əkin işləri aparılır. Bunu da biz artıq təmin edirik. Gələcəkdə baramaçılığın da çox böyük potensialı var. Baramaçılıq elə bir sahədir ki, 30-40 gün ərzində insanlara yaxşı pul qazanmaq imkanı verir. Özü də dövlət subsidiyalar verir, tinglərlə təmin edir. Yəni dövlət bütün işləri görür ki, insanlar yaxşı pul qazansınlar, dolanışıqları yaxşı olsun. Ona görə biz bu il 70 ton barama tədarük etmişik, keçən il 200 kiloqram idi. Gələn il bir neçə yüz ton barama istehsal olunacaq və gələcəkdə minlərlə ton barama tədarük ediləcəkdir. Bu da bilavasitə insanların güzəranına müsbət təsir göstərəcək. Füzuli rayonunda həm yeni sahələrdə, həm həyətyanı əkin sahələrində baramaçılıq sürətlə inkişaf edəcək. Bu məqsədlə “Şəki İpək” kombinatının fəaliyyəti bərpa edildi. Kombinatın yenidən qurulması ilə bağlı planlar var. Bu kombinat Azərbaycanda tədarük edilən bütün baramanın emalı ilə məşğul olacaq.
Mən altıncı dəfədir ki, Füzuli rayonuna Prezident kimi səfər edirəm. Hər dəfə burada olarkən bu inkişafı, yenilikləri görəndə ürəyim sevinir. Bu gün “Azərxalça” qurumunun xalça kombinatında olmuşam. Bu da yenilikdir. “Azərxalça” yeni yaradılmış təşkilatdır. Bu təşkilatın qarşısında vəzifə qoyulubdur ki, Azərbaycanın müxtəlif yerlərində müasir xalçaçılıq sənayesi bərpa edilsin. İndi artıq 10 rayonda bu işlər görülür. Onlardan biri də Horadiz şəhəridir. Bu kombinatda 160 insan çalışır, onların hamısı qadınlardır, yaxşı maaş alırlar və xalçaçılıq sənətini də yaşadırlar. Gələcəkdə bu, ölkəmizdə böyük valyuta ehtiyatının yaradılmasına imkan verəcək. İcra hakimiyyətinin başçısı məruzə etdi ki, indi Füzulidə digər sahələrdə də işlər görülür. Aqroparkın yaradılması layihəsi var, icra edilir, istixanalar salınır, südçülük təsərrüfatı yaradılır.
Alı Alıyev: Bəli, aqroparkın layihəsi var, işlər gedir. Tikinti işlərinin 40 faizi həyata keçirilib. Sizin xeyir-duanızla dörd iri taxılçılıq təsərrüfatı yaratmışıq. Camaat bilir ki, həmin torpaqlar qeyri-müəyyən adamların əlində idi. Bu gün ermənilər də görürlər ki, biz orada əkirik, biçirik, becəririk. Bu da bizə 10-12 min ton məhsul verəcək.
Prezident İlham Əliyev: Bəli, mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək. Biz yalnız birinci mərhələdə qanunsuz zəbt edilmiş 200 min hektar torpağı insanlara qaytarmışıq. Çünki bu gün kənd təsərrüfatında gedən proseslər artıq öz bəhrəsini verir. Biz pambıqçılığı bərpa etmişik. Hava şəraitinin pisləşməsinə baxmayaraq, - oktyabr ayında aramsız yağışlar yağırdı, qoymurdu ki, məhsul yığılsın, - bu il 60 min ton, yəni, keçən illə müqayisədə iki dəfə çox pambıq tədarük edilib. Amma hələ ki, yığım gedir və biz istədiyimiz rəqəmə çatacağıq. Gələn il isə 250 min ton, bəlkə də 300 min ton pambıq yığılacaq. Biz pambıqçılığın şöhrətini qaytaracağıq. O cümlədən Füzuli rayonunda pambıqçılığın inkişafı üçün çox gözəl imkanlar var. Yəni, bu, insanlar üçün məşğulluq deməkdir. Bu, hər bir rayonun inkişafı deməkdir. Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var.
Bu gün mən hərbçilərlə görüşdüm. Lələtəpə ərazisində onlarla bir yerdə oldum, onları təltif etdim. Onlara dedim və bir daha sizə, bütün Azərbaycan xalqına demək istəyirəm ki, Lələtəpə əməliyyatı bizim şanlı tariximizdir. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir. Bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişlər. Biz şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralılar olubdur. Mən hərbçilərə də dedim, sizə də demək istəyirəm ki, Hərbi Hospitalda onlara baş çəkərkən hamısı, - bəziləri ağır vəziyyətdə idi, - deyirdilər: biz sağalan kimi döyüş bölgəsinə qayıdacağıq və Vətən uğrunda ölməyə də hazırıq. Bax, bizdə belə övladlar yetişibdir.
Müstəqillik dövründə Azərbaycan gəncləri böyük zirvələrə çatıbdır. Onlarda vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən yüksək səviyyədədir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazilərinin bir hissəsi işğalçılardan təmizlənib, azad edilib. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir. Bu gün ordu quruculuğu prosesi uğurla davam edir.
Aprel döyüşlərindən sonra növbəti tapşırıqlar verildi, maliyyə vəsaiti ayrıldı. Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir. O məsələyə bir daha qayıtmaq istəyirəm, onlar əllərində, nəzarətlərində olan müxtəlif kütləvi informasiya vasitələri ilə rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa çalışırdılar ki, guya onların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal edib. Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq.
Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır. Bizim həm sosial, həm iqtisadi, hərbi quruculuq, enerji təhlükəsizliyi sahələrində, ictimai proseslərin inkişafı ilə, multikulturalizmlə, dinlərarası dialoqla bağlı təcrübəmiz öyrənilir. Bütün bu məsələlərdə Azərbaycan nümunə kimi göstərilir və biz bu yolla gedirik.
Bir daha qeyd etmək istəyirəm ki, gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa, Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcəkdir. Bizim torpaqlarımız işğal altındadır. Aprel döyüşləri onu göstərdi ki, bu işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin. Burada da üzbəüz mövqelərimiz arasında bir neçə yüz metr məsafə var, ondan da az. May ayında Tərtər rayonunda olarkən mənim durduğum yerdən erməni hərbi mövqelərinə əlli, altmış metr məsafə var idi. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq.
Siz - burada yaşayan insanlar böyük hörmətə layiqsiniz. Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram.