İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib
12 noyabr 2016, 14:55
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib. Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.
Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.