İlham Əliyev Qananın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
27 oktyabr 2016, 10:10
Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
Səfir Kodzo Kpoku Alabo fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Kodzo Kpoku Alabo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Kodzo Kpoku Alabo Qana Respublikasının Prezidenti Con Dramani Mahamanın salamlarını Prezident İlham Əliyevə çatdırdı və bildirdi ki, Qana Prezidenti səfirə Azərbaycan Respublikası ilə Qana Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. Kodzo Kpoku Alabo ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında Sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd etdi.
Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.
Dövlət başçısı Qana Prezidenti Con Dramani Mahamanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana Prezidentinə çatdırmağı xahiş etdi.