İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
26 oktyabr 2016, 11:10
Prezident İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
Səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirdi. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu dedi. Dövlət başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirdi. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.
Səfir Məhəmməd Əli Kamil Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil dedi: “Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıl Ömər Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir”.
Dövlət başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş etdi.