İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib
19 oktyabr 2016, 14:55
Prezident İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kurslarının təşkil edilməsi nəzərdə tutulub.
“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start verildi. Rayonun Ceyrançöl adlanan ərazisində “Ağstafa Aqroservis” MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı yayımlandı.
Burada hektardan məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi gözlənilir. Taxıl təsərrüfatında Almaniyanın “DSV-saaten” Toxumçuluq İnstitutuna məxsus Akteur buğda sortunun əkilməsi nəzərdə tutulub.
Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.
Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.
Dövlət başçısı burada hazır məhsul anbarına da baxdı.
Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verildi.
Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir.
Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olundu.
Dövlət başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın “Petkus” şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.