İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
19 oktyabr 2016, 14:50
Prezident İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Bu gün digər sahələr kimi mədəniyyət sahəsi də dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.
Dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.