Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 oktyabr 2016, 18:35
Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.
Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.
Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.
1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir.
Bu gün müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların və çoxsaylı mətbu orqanlarının fəaliyyət göstərməsi, vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik ab-havanın başlıca göstəricilərindəndir. Qazanılan uğurlar müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edərək BMT-nin bəyan etdiyi davamlı inkişaf məqsədlərinə nail olmaqda müstəsna əhəmiyyətə malikdir.
Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilmişdir. Keçid dövrünü uğurla başa vuran ölkəmiz iqtisadiyyatının həcmini bir neçə dəfə artıraraq bu gün davamlı inkişaf prinsiplərinə sadiq, güclü infrastruktur və inkişaf potensialına malik iqtisadiyyat qurmuşdur.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma biz hələ də öz həllini tapmayan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları şəraitində nail olmuşuq. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həmin münaqişənin sülh yolu ilə həllinə yönəlmişdir. Bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən qəbul olunan müvafiq qərarlara baxmayaraq, hələ ki Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhə nail olmağa imkan vermir.
Ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini artırmışdır. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.
Müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respublikamızda neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaratmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd təsərrüfatının və müvafiq infrastrukturun inkişafına böyük investisiyalar qoyulmuş, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır.
Post-neft dövrünə qədəm qoymuş Azərbaycan iqtisadiyyatın bütün sahələrində ciddi islahatlar aparır. Ölkənin yol-nəqliyyat şəbəkəsi əsaslı şəkildə yenidən qurulur, dəmiryol nəqliyyatı müasirləşdirilir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri formalaşdırılır. Paytaxtla yanaşı bölgələrdə də beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir standartlara uyğun dəniz ticarət limanı fəaliyyətə başlamışdır. Yeni texnologiyalar əsasında tikilən sənaye müəssisələri metallurgiya, maşınqayırma, inşaat materiallarının istehsalı və digər sahələrin sürətli inkişafı üçün maddi-texniki baza yaradır.
Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılmışdır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilmiş, yeni universitetlər açılmış, təhsildə özəl sektor formalaşmışdır. Azərbaycan mədəniyyəti həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr çərçivəsində təmsil olunmaqdadır. Tikilən yeni məktəblər, müalicə ocaqları, muzeylər, olimpiya mərkəzləri, mədəniyyət müəssisələri və istirahət zonaları sosial həyatın yaxşılaşmasına xidmət edir. “ASAN xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.
Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir. Yaradılan müvafiq infrastruktur, istifadəyə verilən yeni otellər və bölgələrdə həyata keçirilən möhtəşəm abadlıq-quruculuq işləri turizmin uğurlu inkişafı üçün geniş perspektivlər açır.
Müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla gerçəkləşdirilir, onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında iştirakı gündən-günə genişlənir. Ölkəmizin idman sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə göstərdiyi diqqətin ifadəsidir. Gənclərimizin müxtəlif çempionatlarda və olimpiya oyunlarında qazandığı medallar, Rio-de-Janeyroda nümayiş etdirdiyi yüksək göstəricilər və Azərbaycanda keçirilən İlk Avropa Oyunlarındakı müvəffəqiyyətləri idman tariximizə həkk olunmuşdur.
Nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Respublikamızda keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.
2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2016-cı il.