İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
07 oktyabr 2016, 11:35
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
Bu gün biz ənənəvi olaraq doqquz ayın yekunlarını müzakirə edəcəyik və ilin sonuna qədər görüləcək işlər haqqında, gələn il görüləcək işlər haqqında danışacağıq.
2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir.
2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir.
Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir.
Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.
Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Həm Avropa İttifaqı ilə bizim müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki, Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar.
Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi.
Biz Azərbaycanda böyük idman yarışları keçirmişik. 500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi.
Böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək istəyirəm. Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi.
Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir.
Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişlər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.
Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər.
Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi.
Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz.
Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib. Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaratmışdır. Kontakt qrupu artıq öz işinə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.
Biz digər təşkilatlarda da bu gözəl meyilləri görürük. Avropa Parlamenti. Bu yaxınlarda Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdir, Avronest qurumundan çıxmışdır. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər. Bizim də bəzi təkliflərimiz olubdur. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur.
Mən nəyi demək istəyirəm? Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik.
Bu il iyirmidən çox dövlət, hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Mən 14 xarici səfər etmişəm. Hələ ilin sonuna qədər həm Azərbaycana dövlət, hökumət başçıları gələcək, həm də mənim səfərlərim nəzərdə tutulur. Yəni, çox fəal xarici siyasət aparmışıq və bu siyasət Azərbaycanı bu gün dünyada nümunəvi ölkə kimi göstərir.
Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik.
Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur.
Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.
Siz yəqin ki, Amerikadan səslənən son bəyanatı da eşitmisiniz, oxumusunuz, Azərbaycan ictimaiyyəti də bunu bilir. Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik.
Bu il idmançılarımız da bizi çox sevindirib. Bizim komandamız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb. Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik. Bax, bu rəqəmləri şərh etməyə heç bir ehtiyac yoxdur.
İqtisadi sahədə. Qeyd etdiyim kimi, neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır. Sənaye potensialımız baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir.
Sosial layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir.
Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik.
İndi biz ilin sonuna qədər görüləcək işlər haqqında da danışacağıq. Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik.
X X X
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 13 ildə həyata keçirdiyiniz siyasi, iqtisadi idarəçilik modeli nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmiş, yaratdığınız təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunədir.
Həmişə olduğu kimi, Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər sonuncu ümumxalq səsverməsində Prezidentlə xalq arasında dəyişməz, monolit olan birliyi bir daha dünyaya nümayiş etdirdilər.
Ölkənin əsas sərvəti olan Azərbaycan xalqının inkişafına hesablanmış siyasətinizdən qaçqın və məcburi köçkünlər də faydalanırlar.
Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib.
Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi Sizin 13 illik Prezidentlik fəaliyyətiniz dövründə icra edilib.
Müqayisə üçün bildirim ki, məcburi köçkünlər üçün tikilən və Komitənin balansında olan 3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan 2 dəfə çoxdur.
Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb və buna görə bütün məcburi köçkünlərin Sizə dərin hörmət və ehtiramını bildirirəm.
Bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Prezidentlik fəaliyyətiniz dövründə ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Bu il isə ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq.
2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb. İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.
Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb.
Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.
Kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək.
Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir.
Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.
Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.
Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.
Cənab Prezident, görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb.
Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilmişdir.
Məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır.
Möhtərəm Prezident, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışın, onların hüquqlarının kobud şəkildə pozulmasının şahidi oluruq.
1990-cı illərin əvvəllərində ölkəmizin iqtisadi vəziyyətinin ağır olduğu, dövlət büdcəsində heç bir maliyyə imkanının olmadığı bir zamanda 7 milyon yerli əhali 1 milyon qaçqın və məcburi köçkünü qəbul etdi, 25 il ərzində dövlət qurumları və yerli əhali ilə onlar arasında heç bir xoşagəlməz hal baş vermədi.
Bunun əsas səbəbi bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Sizin tərəfinizdən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi, problemin vahid mərkəzdən əlaqələndirilməsi, müntəzəm olaraq diqqət mərkəzində saxlanması, bütün yerli və beynəlxalq tədbirlərdə bu haqda ictimaiyyətin müntəzəm məlumatlandırılması, beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması, soydaşlarımızın sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması ilə sıx bağlıdır.
Ulu öndər Heydər Əliyevin və şəxsən Sizin mütəmadi olaraq bu insanlara davamlı şəkildə göstərdiyiniz qayğı və diqqətinizin nəticəsi olaraq onlar arasında ictimai-siyasi sabitlik qorunub saxlanılıb və dəyişməz olaraq qalacaqdır.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, BMT-nin Qaçqınların İşi üzrə sabiq ali komissarı və artıq BMT-nin baş katibi seçilmiş Antonio Quterreş ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycan Prezidentinin bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.
Zati–aliləri, Ermənistan tərəfinin problemə qeyri-konstruktiv yanaşması üzündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi haqsızlıqlar davam edir.
Lakin ulu öndər Heydər Əliyevin və Sizin bu sahədə gördüyünüz işlər öz bəhrəsini verir. Ermənistanın daxilində istər hərbi sahədə, istərsə də cəmiyyətdə parçalanma baş verir. Erməni xalqı, dünya erməniləri, beynəlxalq erməni diasporu arasında Sarkisyan rejiminə nifrət şiddətlənib. Bişkek görüşündə onun əsassız və mənasız çıxışına Sizin tutarlı və obyektiv cavabınızdan sonra ona olan nifrət daha da artıb.
Heç bir şübhə yoxdur ki, davamlı səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq yenidən doğma torpaqlarında yaşayacaqlar.
Sizi əmin edirəm ki, bu sahədə qəbul etdiyiniz bütün fərman və sərəncamlar, qərarlar, verdiyiniz tapşırıqlar bundan sonra da vaxtında və keyfiyyətlə icra ediləcək.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2016-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edir. Əksər ölkələr bunu məhz sosial sahələr hesabına edirlər. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir.
Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının – Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün – Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
On il əvvəl, cənab Prezident, Siz qarşıya belə bir məqsəd qoymuşdunuz ki, insanlar tibbi yardımı məhz yaşadığı yerdə ala bilsin, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsun. Artıq bu, reallıqdır. Qısa vaxt ərzində bir neçə xəstəxananın da tikintisi başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.
Ölkə səhiyyəsinin inkişafında, insanların sağlamlığının qorunmasında dövlət proqramları da mühüm rol oynayır. Ümumiyyətlə, bu proqramlar səhiyyənin ən ağır, həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəlib. Nəticə olaraq, bu gün deyə bilərik ki, dövlət tərəfindən bu proqramlara ayrılan vəsait həm minlərlə insanın müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin edib.
Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.
Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir.
Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.
İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır.
Yeri gəlmişkən, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub.
Ölkənin epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm də ümumi inkişafın göstəricilərindən biridir. Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə ki, qış aylarında, demək olar ki, bütün qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı. Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə keçməsinin qarşısı alındı.
Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə alınıb. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib, bu münasibətlə ünvanladığı müraciətdə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Möhtərəm cənab Prezident!
Siz hər dəfə ictimaiyyətlə, sadə insanlarla görüşəndə onlara öz sağlamlığına qarşı diqqətli olmağı, heç olmasa ildə bir dəfə tibbi müayinələrdən keçməyi məsləhət görürsünüz. Bu tövsiyəniz son illər artıq ənənəyə çevrilib. Elə bu il də ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək.
Səhiyyənin inkişafının mühüm şərtlərindən biri də yüksəkixtisaslı kadr hazırlığıdır. Son illər tibb təhsilində rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mərkəzləşdirilmiş işəqəbul imtahanları, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçmək imkanı və digər tədbirlər həkim kadrlarının hazırlığı sisteminə mahiyyətcə yeni yanaşma formalaşdırıb. Nəticədə, vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya, süni oynaq əməliyyatları bizim tibb mərkəzlərində, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. Bunu xarici mütəxəssislər də qeyd edirlər. Belə ki, ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi – altı yüz minə yaxın tamaşaçısı olan “Formula-1” yarışlarının hazırlıq mərhələsində təşkilatçılar qarşıya çox ciddi tələblər, o cümlədən tibb xidmətinin təşkili ilə bağlı şərtlər qoymuşdular. Bunlar nəinki idmançıların ilkin tibbi yardımının təşkili, ümumiyyətlə, müasir tibb infrastrukturunun olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın təşkili vəziyyətini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana həvalə etdilər.
Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.
Sevindirici haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.
Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendum xalqın dövlətlə birliyini bir daha göstərdi, bütün Azərbaycan xalqının, o cümlədən səhiyyə ictimaiyyətinin iradəsini ifadə etdi. Ümumxalq səsverməsində iştirak edən səhiyyə işçiləri ölkəmizdə sabitliyə, əmin-amanlığa və inkişafa səs verdilər. Sizin diqqət və qayğınızı həmişə öz üzərində hiss edən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.
Diqqətinizə görə minnətdaram.
X X X
Təhsil naziri Mikayıl CABBAROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli toplantı iştirakçıları.
Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Sizin düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır.
2016-cı ilin doqquz ayı ərzində Azərbaycanın təhsil sisteminin inkişafı davam etdirilib, mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib.
Cənab Prezident, Sizə məruzə olunduğu kimi, cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Məlumdur ki, məktəbəhazırlıq mərhələsi uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıyır. 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsinə göstərdiyiniz diqqətin və aparılan islahatların nəticəsidir ki, ümumi təhsilin keyfiyyət göstəricilərində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Ötən il oktyabrın 12-də Zati-alinizin sədrliyi ilə keçirilən iclasda məruzə etmişdim ki, nəticələri orta respublika göstəricilərindən aşağı olan rayonlarda xüsusi layihə həyata keçiriləcək. Ali diqqətinizə məruzə edirəm ki, ötən illə müqayisədə imtahanlarda müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz artım müşahidə edilib.
Bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir. Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb.
2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda – 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2 min 235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir.
Mürəkkəb iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə Sizin Sərəncamınıza əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq.
Görülən tədbirlər pedaqoji fəaliyyətə marağı xeyli artırıb. Belə bir şəraitdə ümumtəhsil müəssisələrinə direktorların və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilib. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda – 32 min nəfər elektron ərizə ilə müraciət edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2 min 413 nəfər müəllim adını qazanıb.
Bu il iqtisadiyyatımızın bütün sahələrində idxalın yerli istehsalla əvəz olunması barədə tapşırığın icrası olaraq, məktəblilərə paylanılan 261 adda 6 milyon 623 min nüsxədə dərsliklərin hamısının nəşri ölkəmizdə həyata keçirilib. Eyni zamanda, son üç ildə təhsil müəssisələrinin büdcədənkənar gəlirlərinin 60 faiz artırılmasına nail olunub.
Ümumi təhsil pilləsi üçün elektron resurslardan pulsuz istifadə imkanları genişləndirilib. Hesabat dövründə 143 dərslik və metodik vəsait, videodərslər, digər elektron resurslar portala yerləşdirilib. Elektron portaldan istifadə edənlərin sayında artım müşahidə olunub. 2016-cı ilin birinci yarısında portala daxilolmaların ümumi sayı 750 min, cəmi kitab yükləmələrin sayı isə 350 minə çatıb.
Təhsil Nazirliyi ilə Kapital Bankın tərəfdaşlığı çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsinə start verilib. Müxtəlif peşə sahibləri vətəndaşlıq mövqeyini nümayiş etdirməklə, paytaxt və bölgə məktəblərində akademik dərs və fərdi inkişaf təlimləri keçirir, şagirdlərin bilik və dünyagörüşünü artırmağa çalışırlar.
Məktəblilərin fiziki hazırlığının yüksəldilməsi istiqamətində məqsədli layihələr davam etdirilib, onların müxtəlif idman növləri ilə birbaşa məktəblərdə məşğul olmasına şərait yaratmaq üçün iyulun 15-də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin iştirakı ilə idman federasiyaları və nazirliyin rəhbərliyinin görüşü olub.
İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkarların hazırlanması məqsədilə Zati-alinizin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik qarşısında peşə təhsilinin infrastrukturunun və maddi-texniki bazasının müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması kimi mühüm vəzifələr qoyulub. Bu istiqamətdə eyni peşələr üzrə paralel kadr hazırlığı həyata keçirən peşə təhsili müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı artıq təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Möhtərəm cənab Prezident, Sizin iştirakınızla sentyabrın 14-də IT STEP akademiyasının açılışı ölkəmizdə informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaranması ilə yadda qaldı. “Maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunan bu müəssisə təhsil sahəsində dövlət-özəl sektor tərəfdaşlığının nümunəsidir.
Koreya hökuməti və şirkətləri ilə avtomatlaşdırma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin növbəti ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.
Qəbələ rayonunda beynəlxalq ekspertlərin iştirakı ilə kənd təsərrüfatı ixtisasları üzrə Regional Peşə Tədris Mərkəzinin yaradılması üzrə işlər həyata keçirilir, yeni tədris korpusu və emalatxanaların tikintisi uğurla davam etdirilir. Əlamətdar haldır ki, kənd təsərrüfatı ixtisasları üzrə dərs vəsaitlərinin hazırlanmasına BP şirkəti maddi dəstək verir.
Bu il ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi və “ASAN xidmət” arasında əməkdaşlıq çərçivəsində “ASAN peşə” layihəsi reallaşdırılıb, dövlət hesabına təhsil almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. Sevindirici haldır ki, bu il peşə təhsili müəssisələrinə qəbul olanların 20 faizinin orta attestat balı 4 qiymətindən yuxarı olub.
Ölkəmizin ali təhsil sistemində də institusional dəyişikliklər davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədilə Sizin Sərəncamınızla Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialları təsis olunub.
Azərbaycanın yeni iqtisadi modeli ölkənin insan kapitalının keyfiyyətinin yüksəldilməsi yolu ilə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Yeni təhsil klasterlərində yaradılacaq onlarla yeni ixtisas iqtisadi subyektlərlə və müəssisələrlə sıx əlaqədə fəaliyyət göstərməlidir.
Sizin razılığınız əsasında, ölkənin dayanıqlı inkişafına cavabdeh müvafiq dövlət qurumları ilə birgə təhsil proqramlarını və prosesini bölgələrimizin tələbatına uyğunlaşdırmaq məqsədilə işçi qruplarının yaradılmasını təklif edirik. Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran dövlət universitetləri və onların tabeliyində olan digər təhsil müəssisələrinin bu sahədə prioritetliyini xüsusi qeyd etmək lazımdır. Regional universitetlərinin inkişaf strategiyalarının yerləşdikləri bölgələrin sosial-iqtisadi inkişafı ilə uzlaşdırılması və Sizin qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə cəlb edilməsi həmin ali məktəblərin həm məzunlarının işlə təminatı, həm də gələcək fəaliyyətlərinin möhkəm elmi bünövrəsi kimi çıxış edəcək.
Zati-alinizin Fransa Respublikasının Prezidenti Fransua Olland ilə 2014-cü ilin sentyabrın 4-də səsləndirdiyi Azərbaycanda fransız universitetinin yaradılması təklifi artıq bu il sentyabrın 15-də gerçəkliyə çevrilib, Azərbaycan-Fransız Universiteti (UFAZ) ilk tələbələrini qəbul edib.
Bu layihə ali təhsilimizin tarixində yeni səhifə açır, vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradır. Cari ildə 143 nəfər tələbə, o cümlədən onların 23-ü ödənişli əsaslarla dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) ingilis dilində tədrisə başlayıb. Həmin ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri ilə əməkdaşlıq qurulub, məzunlara iki (həm Azərbaycan, həm Fransa) diplomun verilməsi qərara alınıb.
Son illər ölkəmizdə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərimizin sayının artması xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 4200-dən çox əcnəbi tələbə üçün əlverişli şərait yaradılıb. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsinə də xidmət edir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə ilk təhsil kreditlərini təqdim edib. Layihənin innovativliyi ondan ibarətdir ki, Fond dövlət büdcəsindən vəsait cəlb etmədən həmin kreditləri maliyyələşdirir.
Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ehtiyacı nəzərə alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dövlət ali məktəblərinin tələbələri üçün 1000 yerlik yataqxananın tikintisi həyata keçiriləcək. Artıq bununla bağlı layihələndirmə işlərinə başlanılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap məktəbinin artıq ilk buraxılışı olub. Layihənin məqsədi Azərbaycanda Startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək olmaqdır. Startap məktəblərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda “iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq” psixologiyasını formalaşdırır.
Digər ali məktəbimiz - Azərbaycan Dövlət İqtisad Universiteti “QS” beynəlxalq reytinq agentliyinin hazırladığı Şərqi Avropa və Mərkəzi Asiya regionunun universitetlərinin reytinqində 30 ölkənin iqtisadyönümlü universitetləri arasında dördüncü yeri tutub. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi ilə aparılan danışıqlar əsasında bu universitetin Dərbənd filialı müddətsiz lisenziya alıb.
Təhsil Nazirliyi elmi məlumatların təqdim olunması və təhlili sahəsində dünyada lider olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq Sazişi imzalayıb. “Thomson Reuters”lə əməkdaşlıq ali təhsil müəssisələrimizə və alimlərimizə dünya elminin məlumat bazası ilə işləmək, nəşrlərini yerləşdirmək üçün geniş şərait yaradır. Bununla yanaşı, müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələr qurmaq, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək.
Cənab Prezident, hazırda ali təhsil müəssisələrinin elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir. Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq, dövlət tərəfindən elmə ayrılan vəsaitin bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması məsələsinin müzakirəsini vacib hesab edirik.
Təhsil sistemində hesabat dövründə idarəetmə və struktur islahatları davam etdirilib. Qeyd olunmalıdır kı, insanların rahatlığını və eyni zamanda şəffaflığı təmin etmək məqsədi ilə tərəfimizdən təqdim olunan bir sıra xidmətlər elektronlaşdırılıb. Onların arasında Bakı şəhəri üzrə uşaqların birinci sinfə qəbulu, ali təhsil müəssisələrində tələbə köçürmələri, xarici diplomların nostrifikasiya üçün qəbulu, tədris resursların internet portalında yerləşdirilməsi, məktəb direktorlarının və müəllimlərin işə qəbulu, peşə təhsil müəssisələrinə dövlət sifarişi ilə şagird qəbulu və s. qeyd etmək olar.
Möhtərəm cənab Prezident, təhsil sisteminin əsas məqsədi Vətəninin mənafelərini anlayan və müdafiə etməyə hazır olan layiqli vətəndaşın yetişdirilməsindən ibarətdir. Yalnız milli dəyərlərə və ənənələrə sadiq, savadlı vətəndaş Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində iştirak etməyə qadirdır. Hər bir xalqın ali inkişaf nöqtəsi onun dövlətçiliyidir. Bu gün Azərbaycan xalqı Sizin rəhbərliyinizlə öz dövlətçiliyi ilə fəxr edir və bir neçə gündən sonra dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etməyə hazırlaşır. Azərbaycan bu illər ərzində bir çox sınaqlardan keçib. Onlardan sonuncusu bu ilin aprelində oldu. Düşmən təxribatı bizim üçün - bütün Azərbaycan xalqı, rəşadətli silahlı qüvvələrimiz, hər bir vətəndaş üçün növbəti ciddi imtahan idi. Xalqımız bu imtahandan Sizin rəhbərliyinizlə alnıaçıq çıxdı. Düşmənə və bütün dünyaya göstərdi ki, tarixi torpaqlarımızın azad edilməsi qaçılmazdır, döyüş meydanında da, dinc həyatda da, olimpiya stadionlarında da Azərbaycan bayrağını yüksəklərə qaldıran gənc nəslimiz yetişib. Bu işdə Azərbaycan müəlliminin də danılmaz xidmətləri var.
Oktyabrın 4-də, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Siz Azərbaycan müəlliminin əməyinə yüksək qiymət verərək, bir qrup təhsil işçisini fəxri adlara və dövlət təltiflərinə layiq görmüsünüz. Buna görə bütün təhsil işçiləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti iclasda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
- Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir.
Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq.
Apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.
Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik.
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.
O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik.
Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir.
Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.
Biz həmişə olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Sumqayıtda keçirdiyim müşavirədə parkın fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Təkrar etmək istəmirəm, ancaq bir şey demək istəyirəm ki, bu parkın tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq.
Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır.
Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir.
Biz inşaat materialları sektoruna böyük investisiyalar cəlb edə bilmişik. Bu sektorda dövlət investisiyaları olmayıb, ancaq həm yerli, həm xarici özəl qurumlar bu sahəyə böyük investisiyalar qoyublar. Bu investisiyalar nəticəsində biz özümüzü inşaat materialları ilə kifayət qədər böyük həcmdə təmin edirik, ancaq tam təmin etmirik. Ona görə, bizim aidiyyəti qurumlar, dövlət qurumları, İqtisadiyyat Nazirliyi, digər qurumlar baxmalıdırlar ki, Azərbaycana hansı inşaat materialları idxal olunur. Azərbaycanda həmin istehsal sahələri yaradılmalıdır və güzəştli kreditlər verilməlidir, sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərməlidirlər.
Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Ona görə, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir.
Daxili bazarımızı qorumaq üçün əlavə tədbirlər görülməlidir və burada çox çevik siyasət aparılmalıdır. Biz vaxt itirməməliyik. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir. Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir.
Bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb. Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi artıq başlayır. Biz Nazirlər Kabinetinin toplantısında bu barədə danışmışıq. Artıq bu işlərə start veririk. Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq. Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları Azərbaycan mənşəli olsun.
Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır. Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq.
Bu gün mən bir məsələyə də toxunmaq istəyirəm. Biz indi sənaye parklarında, digər sahələrdə, metallurgiya sahəsində bir çox böyük sənaye layihələrini icra edirik və bu istehsal olunacaq məhsulların demək olar ki, hamısı ixracyönümlüdür. Ona görə, biz nəqliyyat imkanlarımıza da baxmalıyıq və indidən planlaşdırmalıyıq ki, ixraca yönələcək məhsulları necə daşıyacağıq. Bizdə onları daşımaq üçün imkanlar varmı? Kifayət qədər infrastruktur varmı? Vaqonlar, sisternlər, quru yük infrastrukturu varmı? Ona biz indidən baxmalıyıq. Biz nəqliyyat sektoruna - dəmir yoluna, hava və dəniz nəqliyyatına böyük sərmayə qoymuşuq. İndi Bakıda böyük gəmiqayırma zavodu artıq böyük gəmilər istehsal edir. Ancaq buna bir daha kompleks şəklində baxmalıyıq. İxrac olunacaq məhsulun, o cümlədən indi ixracı kəskin artacaq kənd təsərrüfatı məhsullarının həcmi dəqiq proqnozlaşdırılmalıdır.
Bu il təkcə pambıq istehsalı üç dəfə artacaq. Gələn il bu ilə nisbətən on dəfə, ondan sonra iyirmi dəfə artacaq. Biz bunu nə ilə daşıyacağıq? Bizdə bunu daşımaq üçün kifayət qədər infrastruktur varmı? Bizim hazır məhsulumuz olacaq, ancaq daşıya bilməyəcəyik. Ona görə, bunlar indidən planlaşdırılmalıdır və dövlət investisiya proqramında nəzərdə tutulmalıdır ki, sonra biz gözlənilməz vəziyyətlə üzləşməyək.
Beləliklə, sənaye sahəsində icrada olan və planlaşdırılan layihələr bizə böyük xeyir gətirəcək. Minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq və biz qeyri-neft ixracımızı artıracağıq. Əsas məsələ bundan ibarətdir. Bu gün neftin qiyməti 50 dollardır. Keçən ay 40 dollar idi. İlin əvvəlində 30 dollara düşmüşdü. Yəni, biz buna baxıb öz gələcəyimizi planlaşdıra bilmərik. Ona görə, neft ixracının azaldılmasını biz qeyri-neft ixracı ilə əvəzləməliyik. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir.
Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq.
Mən kənd təsərrüfatı sahələri üzrə bəzi məsələləri qaldırmaq istərdim. Pambıqçılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək. Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik. Mənə verilən məlumata görə, bizim pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə ola bilər 2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir. Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər verilib, özəl sektor da, əlbəttə ki, bu işə qoşulmalıdır. Onların harada qurulması üçün yerlər müəyyən edilməlidir ki, biz sonra vaxt itirməyək.
Biz subsidiyaların verilməsində də ciddi addımlar atdıq. Bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Yəni, biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər.
Bununla yanaşı, bizim kənd təsərrüfatında zəif yerimiz olan taxılçılıqdır. Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur. Buna baxmayaraq, biz yenə də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik.
Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsidiyalar verilib. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar var və bu da insanların güzəranını yaxşılaşdırır. Biz çalışmalıyıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacağıq. Bu işlərin səmərəli şəkildə qurulması üçün 3,5 milyon manat yardım göstərilib.
Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün.
Yeni üzüm bağları salınır, dinamika müsbətdir. Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir. Eyni sözlər tütünçülüyə də şamil edilir. Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin. Ən çox valyuta xərclənən istiqamətlər taxıldır, siqaretdir, xam şəkərdir və kərə yağıdır. Ona görə biz yerli istehsalı artırmalıyıq və ixracı da təmin etməliyik.
Xam şəkər ölkəyə çox gətirilir. Bunu azaltmaq üçün şəkər çuğundurunun əkin sahələri mütləq genişləndirilməlidir. Artıq göstərişlər verilib, yeni əkin sahələri müəyyən edilib. Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq. Bu sahədə də çox ciddi işlər aparılmalıdır. Bizdə fəaliyyət göstərən şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir. Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir.
Çayçılığın inkişafı. Bu sahə ilə bağlı indi ciddi işlər aparılır. Yeni texnologiyalar var ki, məhsuldarlığı kəskin şəkildə artırır. Burada da fermerlərə şərait yaradılmalıdır. Onlara da stimullaşdırıcı təkliflər verilməlidir ki, maraqlı olsunlar, cənub zonasında çayçılıq inkişaf etsin. Biz çayı da ixrac edirik, ancaq idxal da edirik. Yəni, daxili tələbat çoxdur. Ona görə çayçılığın inkişafı ilk növbədə idxalı azaldacaq. Azərbaycan çayı keyfiyyətlidir və biz öz çayımızla xaricə daha çox çıxmalıyıq.
Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur və biz bu sahəni genişləndirməliyik. İndi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə ciddi məşğuldur. Cins mal-qara alınıb. Ancaq indi əsas məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib olacağıq. Bu, öz növbəsində bizə əlavə böyük əkin sahələri verəcək. Çünki biz örüş torpaqlarımızdan çox səmərəsiz istifadə edirik. Bəziləri boşdur, bəzilərində isə normativdən qat-qat az heyvan saxlayırlar. Ona görə bizim heyvandarlığımız qapalı şəraitdə inkişaf etməlidir. Verilən məlumata görə, təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək. Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş, planlı şəkildə əkin işləri aparılmalıdır. Artıq İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası bu işlərlə ciddi məşğuldurlar və beləliklə, biz özümüzü süd məhsulları və kərə yağı ilə təmin edəcəyik.
Mənə verilən son məlumata görə, özümüzü kərə yağı ilə tam təmin etmək üçün bizə əlavə 50-60 min cins mal-qara və əlbəttə, kərə yağı istehsal edən yeni müəssisələr lazımdır. Çünki süd və süd məhsullarının istehsalında biz özümüzü 80 faiz səviyyəsində təmin edirik, tezliklə 100 faizə çatmalıdır. Mövcud zavodlarda yeni xətlər qurulmalı, yeni müəssisələr tikilməli və Azərbaycanda süd məhsullarının bütün növləri 100 faiz istehsal olunmalıdır. Bax, qarşıya belə vəzifə qoyulur. Ona görə siz bir daha məsələni təhlil edin və mənə konkret son təklif verin ki, bunu tezliklə həll etmək üçün nə qədər vəsait, əkin sahələri, investisiya, kreditlər, dövlət investisiyaları lazımdır.
Mən artıq əvvəlki müşavirədə qeyd etmişəm və bir daha demək istəyirəm ki, bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır. Onların arasında fındıqçılığın çox böyük potensialı var. Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu 12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir. Bu, əlbəttə ki, vaxt tələb edir. Ancaq bu il biz artıq bu işlərə başlayırıq. Dövlət xətti ilə tinglər əldə edilir. Özəl sektor da bu işlərə qoşulsun. Bunun özəl sektor üçün də çox böyük faydası var. Burada biz bu işləri planlı şəkildə görməliyik.
Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır.
Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün.
İndi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. Amma bir daha qeyd etmək istəyirəm, daxili tələbat 100 faiz təmin edilməlidir, ixrac maksimum olmalıdır. İxrac bazarları da müəyyən edilməlidir. Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna görə biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. Yoxsa biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə isə alacaq. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır. Həm dövlət orqanları təşkil etməlidir, həm sahibkarlar özləri maraqlı olmalıdırlar və mütləq burada valyutanın hərəkətinə də diqqət yetirilməlidir. Çünki ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100 faiz qayıtmır. Ona görə, burada çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur. Bu, 100 faiz şəffaf olmalıdır və heç bir pozuntuya yol verilməməlidir.
Bütün bunlar tələb edir ki, meliorasiyaya, suvarma işlərinə daha böyük diqqət göstərilsin. Son illər ərzində bu məqsədlər üçün böyük həcmdə vəsait ayrılıb. İki böyük su anbarı tikilib - Taxtakörpü, Şəmkirçay, digər layihələr icra edilib. Ancaq bizdə suvarılmayan torpaqların həcmi kifayət qədər çoxdur. Ona görə, göstəriş vermişəm, Prezident Administrasiyası məşğul olur, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti birgə işləyirlər və gələn ilin tədbirləri haqqında mənə konkret məruzə edilməlidir. Prezident Administrasiyasından verilən məlumata görə, biz az vəsaitlə gələn il təqribən 80-90 min hektar torpağı su ilə təmin edə bilərik. İndi bütün rayonlarda təhlil aparılır. Rayon icra hakimiyyətləri bu işlərə qoşulub və bu, düzgün yanaşmadır. Onlar yerlərdə hər şeyi yaxşı bilirlər. Əlbəttə, mərkəzi icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı” qurumu plan tutmalıdırlar ki, hər il neçə on min hektar torpaq sahəsinə su verməliyik, bu torpaqlar haradadır və o torpaqlarda nə əkiləcək? O torpaqlarda əkin aparmaq üçün dövlət nə qədər dəstək verməlidir? Əmək resursları hesablanmalıdır. Beləliklə, biz suvarılan torpaqlarımızın həcmini böyük dərəcədə artıra bilərik. Belə torpaqlar kifayət qədər çoxdur.
Mən əvvəllər də demişəm, zəbt edilmiş torpaqlar da var, amma onların böyük bir hissəsi artıq qaytarılıb. Mənə verilən məlumata görə, 200 min hektardan çox zəbt edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir, biz buna ancaq şad olarıq. Amma kim bunu zəbt edib və möhtəkirliklə məşğuldur, əmanət kimi saxlayır və gözləyir ki, qiyməti qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin buna yol vermək olmaz. Ona görə, bu göstərişlər verilib, bu iş də davam etdirilməlidir. Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır. Kim ki, istifadə edir, çox yaxşı, ona dövlət tərəfindən dəstək verilməlidir. Bütün bu işlərə əlbəttə ki, dövlət dəstəyi, o cümlədən maliyyə dəstəyi verilməlidir.
Sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilir. Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır.
Biz bu il ailə biznesinə “ASAN dəstək” sistemini yaradırıq. Bu, artıq Masallı “ASAN xidmət” mərkəzində mənə təqdim olundu. Çox təqdirəlayiq bir təşəbbüsdür. Yəni, kiçik sahibkarlığın inkişafı üçün bunun çox böyük dəstəyi olacaq. Ona görə, dövlət qurumları da, aidiyyəti qurumlar da bu işlərlə məşğul olsunlar. İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “ASAN xidmət”lə bərabər yerli icra orqanları o kiçik konteynerlərdə nəzərdə tutulan istehsalat sahələrini insanlar arasında bölsünlər ki, bizdə ailə biznesi inkişaf etsin. İnkişaf etmiş ölkələrdə, xüsusilə kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının əsas hissəsi kiçik fermer təsərrüfatlarında yaradılır və ailə biznesi orada çox inkişaf edir. Bu, bizdə də olmalıdır.
“ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Bunun çox böyük faydası var. Mərkəzlərə 12 milyon müraciət olub. Növbəti bir-iki ildə 4 yeni “ASAN xidmət” mərkəzi yaradılmalıdır. Gələn ilin və 2018-ci ilin dövlət investisiya proqramında bu, nəzərdə tutulmalıdır. Qarşıdakı iki ildə ən azı 4 mərkəz yaradılmalıdır.
Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel tikilir, kimə lazımdır? Artıq biz gördük ki, lazımdır və nə ediriksə düz edirik. Ancaq indiki şəraitdə biz gərək potensial turizm axınını hesablayaq. Çünki biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi 3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü olacaq. Hamımız yaxşı görürük ki, “Formula-1” yarışlarının buna nə qədər böyük xeyri oldu. Ona görə, bizim otel infrastrukturu bu inkişafla ayaqlaşmalıdır. Sahibkarlar da bunu eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm bölgələrdə otellərin sayı çoxalsın.
Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır.
Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Artıq burada məruzədə də səsləndi ki, bu işlərə nə qədər böyük vəsait ayrıldı, bölgələrdə 100-ə yaxın qəsəbə salındı, Bakı şəhərində evlər tikildi. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər.
Bir sözlə, artıq 2016-cı il sona yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik. Sağ olun.