İlham Əliyevin və Roma Papası Fransiskin görüşü olub
02 oktyabr 2016, 15:50
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.
Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz Zati-müqəddəsləri. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Bu səfəriniz tarixi səfərdir. Mən şadam ki, səfəriniz çox yaxşı keçir.
Roma Papası FRANSİSK dedi:
-Çox sağ olun. Mən Sizə təşəkkürümü bildirirəm. Belə xoş hava ilə müşayiət olunan günə görə də Sizə minnətdaram. Mən bilirəm ki, Vatikanda səfərdə olmusunuz. Mən o səfərə görə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Həmçinin səfərə başladığım zaman mənə göstərdiyiniz səmimi qəbula görə Sizə minnətdaram.
Prezident İlham ƏLİYEV: Çox minnətdaram ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana səfər edirsiniz. Ümid edirəm ki, Siz Vətənə xoş təəssüratlarla qayıdacaqsınız. Səfəriniz həm Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir.
Roma Papası FRANSİSK: Mən, ümumiyyətlə, qeyd etmək istəyirəm, indiki zamanda, xüsusilə də Avropa dövlətlərinə bu sözləri aid etmək olar ki, bizim hamımız üçün çox vacib olan zənginliklərə, mənəvi məsələlərə gəldikdə, bunlar xüsusi əhəmiyyət kəsb edir. Bir halda ki, bu hadisələr baş verir və əslində bu, insanlar üçün indiki zamanda olduqca lazımlı bir məqamdır. Biz yalnız onunla öz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik. Biz bilirik ki, bu gün Sizin qədim torpağınızdayıq. Həmçinin bunu da bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.
Prezident İlham ƏLİYEV: Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində yaşayır.
X X X
Sonra Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşdülər.
Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim etdi.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Roma Papası bildirdi ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi: Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə etdi. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.
Sonda xatirə şəkli çəkdirildi.