İlham Əliyev 9 May Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirak etmişdir
09 may 2011, 12:40
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə vermişdir. Bu Qələbənin əldə olunmasında çox böyük payı olan Azərbaycan xalqı özünün 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.
Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qələbə bayramı ərəfəsində dövlət başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar.
Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Azərbaycan Prezidenti 1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Onlar ölkəmizin hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlət başçısını bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
X X X
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.