İlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib
29 sentyabr 2016, 10:00
Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarətdir. Budəfəki Forumun mövzuları da son dərəcə maraqlıdır. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb ediləcək.
Dövlət başçısı Forumun açılışında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Bu Forumda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, Azərbaycana “xoş gəlmisiniz” deyirəm.
Builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.
Eyni zamanda, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir.
Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir.
Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq.
Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin rəmzidir, - yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır.
Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.
Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, - mən Yaxın Şərqi nəzərdə tuturam, - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyildir.
Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “stop İslam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha böyük dəstək qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik.
Bakı Beynəlxalq Humanitar Forumunda tanınmış dövlət xadimləri, ictimai xadimlər, tanınmış alimlər, - onların arasında 13 Nobel mükafatı laureatı var, - jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər dəyərli qonaqlar iştirak edirlər. Ona görə, bu, açıq diskussiyalar, tövsiyələr, hərəkət üçün çox gözəl bir formatdır.
Qeyd etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər.
Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.
Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir.
Bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir, biz güclənirik. Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri inkişaf və tərəqqi illəri olmuşdur. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir.
Ölkəmizdə humanitar məsələlər öz həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapır. Doxsandan çox qəsəbə salınmışdır və 250 mindən çox köçkünə yeni evlər, mənzillər verilmişdir.
Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da əlbəttə ki, bizim maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edir.
Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin bir hissəsidir.
Mən bütün qonaqlara ölkəmizə gəldikləri üçün bir daha minnətdarlığımı bildirmək istəyirəm. Foruma uğurlar arzulayıram. Sağ olun.
X X X
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa QOLODETS Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış etdi:
-Hörmətli cənab Prezident, əziz həmkarlar.
İcazə verin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin təbrikini oxuyum:
“V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına
Hörmətli xanımlar və cənablar!
V Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi təbrik edirəm. Sizin Forum nisbətən qısa müddətdə dünyada geniş tanınıb, ən aktual problemlərin müzakirəsi üçün tələbat duyulan məkana çevrilib.
Bu gün Azərbaycan paytaxtı növbəti dəfə, aralarında məşhur siyasətçilər və ictimai xadimlər, müxtəlif sahələr üzrə Nobel Mükafatı laureatları, bir sıra dövlətlərin elmi və yaradıcı ziyalılarının nümayəndələri olan ali qonaqları qəbul edir. Forumun zəngin gündəliyi müasir beynəlxalq münasibətlər üçün humanitar əməkdaşlığın get-gedə artan əhəmiyyətini əks etdirir. Siz qiymətli təcrübə mübadiləsi aparacaq, mədəniyyət, elm və təhsil, ətraf mühitin qorunması sahələrində ikitərəfli və çoxtərəfli əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə edəcəksiniz. Əminəm ki, sizin ünsiyyətiniz maraqlı və səmərəli olacaq, müxtəlif ölkələrin və qitələrin xalqları arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək.
Forumun iştirakçılarına ürəkdən uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.
X X X
Çıxışına davam edən O.Qolodets dedi:
-Əziz dostlar, icazə verin mən də öz adımdan, Rusiya Federasiyası Hökuməti adından Forum iştirakçılarının ünvanına bir neçə söz deyim. Bu gün bu qədər müasir, bu qədər dinamik inkişaf edən Azərbaycanda olmaq mənim üçün böyük şərəfdir. Əlbəttə, Azərbaycan Prezidentinin qarşıya qoyduğu bütün məsələlər və bu gün haqqında sizin danışacağınız məsələlər bütün bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz oxuyanda, böyüyəndə demək olar aksiom idi ki, humanitar əməkdaşlıq elmi, texniki inkişafı həmişə müşayiət edir. Bu, demək olar ki, aksiom idi. Biz heç vaxt fikirləşmirdik ki, nə üçün belə olur. Bu, az qala ictimai qanun idi.
1990-cı illərdə biz heyrətamiz bir həqiqəti kəşf etdik ki, elmi tərəqqi heç də həmişə layiqli humanitar və ictimai inkişafla müşayiət olunmur. Bu həqiqət bizim hamımızı mürəkkəb vəziyyətə saldı. Həqiqətən bu gün bütün dünyada gah bir, gah başqa yerlərdə milli münaqişələr, hərbi münaqişələr alovlanır, alimlərin, mütəxəssislərin səylərini, bütün iqtisadi firavanlığı heçə endirir. Ona görə ki, insan üçün qarşılıqlı anlaşmadan və dostluqdan daha əhəmiyyətli heç nə yoxdur. Bu mənada, xalqlar arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi xüsusi vəzifədir, bu, bütün siyasətçilərin, bütün ölkələrin missiyasıdır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin rolunu xüsusi qeyd etmək istərdim. Ona görə ki, bu insanların müdrikliyi bizim uzunmüddətli siyasət qurmağımıza, nəticə etibarilə münaqişələrin tənzimlənməsinə gətirib çıxaran uğurlu danışıqlar aparmağımıza imkan verir. Ümidvaram ki, belə insanlar hətta ən mürəkkəb vəziyyətlərdə də yer üzündə bütün insanların gözlədiyi sülhü və ədaləti bərpa etmək üçün dünyaya nümunə göstərəcəklər.
Bizim üçün çox vacibdir ki, dünya siyasətçilərinin müəyyən etdiyi ahəng bütün səviyyələrdə təmin olunmuş mexanizmlərə transformasiya olunsun. Bu günə qədər Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə 90-dan çox saziş imzalanıb. Fikrimcə, bu əməkdaşlıq davam edəcəkdir. Bizim üçün çox vacibdir ki, bu gün burada olan peşəkarlar, mütəxəssislər arasında əməkdaşlıq ilə əlaqədar həqiqətən təhsil, səhiyyə və digər sahələrdə yüksək səviyyədə reallaşan şəxsi əlaqələr də yaransın. Mən fəxr edirəm ki, dostlarım arasında Azərbaycandan, Bakıdan olan adamlar çoxdur. Mənim tanışlarım arasında onların dostluq etdikləri insanlarla şəxsi əlaqələr, fərdi münasibətlər var. Bizi birləşdirən bizim mədəniyyətimizdir. Zənnimcə, bizim missiyamız bu mədəniyyəti gənclərə, böyüməkdə olan nəslə ötürməkdir. Mən ilk növbədə mədəniyyət sahəsində əlaqələrin genişlənəcəyinə ümid edirəm. Bizim gələcəyimiz, xalqlarımız arasında qarşılıqlı anlaşmanın gələcəyi bu əlaqələrdən asılıdır.
Əziz Forum iştirakçıları, sizin üzərinizə çox böyük məsuliyyət düşür – insanların sülh və həmrəylik şəraitində yaşamasına, Yer üzündə bütün insanlar üçün əlyetərli ola biləcək elm və texnika nailiyyətlərindən istifadə etməyə imkan verəcək yanaşmalar hazırlamalısınız.
Sizə uğurlar, Azərbaycana isə firavanlıq arzu edirəm.
X X X
BMT baş katibinin müavini xanım Cihan SULTANOĞLU təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxudu və çıxış etdi. Cihan Sultanoğlu dedi:
-Zati-aliləri cənab Prezident.
Möhtərəm Azərbaycan Respublikasının birinci xanımı.
Hörmətli xanımlar və cənablar.
Bu gün burada olmaqdan böyük şərəf hissi duyuram və V Bakı Beynəlxalq Humanitar Forumuna BMT-nin baş katibi Pan Gi Munun müraciətini oxumaq istərdim:
“Bakı Beynəlxalq Humanitar Forumuna və tədbiri qəbul edən Zati-aliləri Prezident İlham Əliyevə səmimi salamlarımı çatdırıram. Mən may ayında İstanbulda keçirilmiş Dünya Humanitar Sammitində Prezident Əliyevin şəxsi iştirakını yüksək dəyərləndirirəm.
Bu, bir sıra mühüm mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların insan kapitalı ilə bağlı “dəyirmi masa”da olduqca mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür. Ümidvaram ki, bu “dəyirmi masa” Dünya Humanitar Sammitinin nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal iştirakçılar üçün fürsət olacaq.
Davamlı inkişaf, müxtəliflik və inklüzivlik, eləcə də mədəniyyətlərarası dialoqda media ilə bağlı aparacağınız müzakirələr bu məqsədlərin icrasına dəyərli töhfə verməlidir. İqlim dəyişikliyi, əhali artımı, zəif siyasi və iqtisadi sistemlər bu regionda və dünyada insanları təbii və texnogen təhlükələr riski qarşısında qoymaqda davam edir. Əgər biz Dünya Humanitar Sammitində və bəşəriyyət üçün onun gündəliyindəki öhdəlikləri yerinə yetirmək istəyiriksə, onda davamlı inkişafa, fövqəladə hallara hazırlıq və cavab tədbirlərinə daha böyük sərmayələr qoymalıyıq. Dünyada təxminən 130 milyon insanın humanitar yardıma ehtiyacı var. Həmin insanları ağır əzab-əziyyətlərə düçar etmiş böhranların həlli sadə məsələ deyil və vaxt tələb edir. Lakin bizim hamımız mərhəmət nümayiş etdirə bilərik, ədalətsizliyə qarşı səsimizi ucalda və dəyişiklik naminə çalışa bilərik”.
X X X
Çıxışına davam edən Cihan Sultanoğlu dedi:
-İndi isə mən böyük şərəf hissi ilə BMT-nin İnkişaf Proqramı adından sizin qarşınızda çıxış etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə bizi Bakı Beynəlxalq Humanitar Forumuna dəvət etdiyinə və bu tədbiri qəbul etdiyinə görə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu mühüm platformaya çevrilib. Burada bir sıra görkəmli alimlər, tanınmış ziyalılar və şəxsiyyətlər bir araya gələrək mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında qarşılıqlı anlaşmanın daha da genişləndirilməsi məqsədilə toplaşırlar. Bu baxımdan onlar artıq 2030-cu il üçün davamlı inkişaf gündəliyində olan məqsədlərin icrasına öz töhfələrini vermək əzmindədirlər.
Bu ilin əvvəlində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da uğurla keçirilib.
Əlbəttə, bu il, həmçinin Azərbaycan üçün xüsusi bir ildir. Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Yaranmış fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycanın qazandığı gözəl nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.
Azərbaycan 1991-ci ildən müstəqilliyini bərpa etdikdən sonra planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçib və ötən müddətdə çox gözəl iqtisadi artım templəri nümayiş etdirib. Burada xüsusi sosial proqramları, pensiya islahatlarını, “ASAN xidmət”in yaradılmasını qeyd etmək olar. Azərbaycan bu gün həyata keçirdiyi islahatlara görə regionun aparıcı dövlətinə çevrilib.
2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında ən öncül yerlərdən birini tutur. Təbii ki, bütün bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya, Avropa və Orta Şərq regionlarında humanitar məsələlərin həllinə töhfə verib. Azərbaycanın qlobal və regional böhranların həllinə verdiyi töhfəyə gəldikdə isə bu yardımın böyük olduğunu çox yaxşı bilirik. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində iştirak edir, BMT Təhlükəsizlik Şurasının üzvü olub. ECOSOC-da da Azərbaycanın namizədliyi qəbul edilib, təşkilata üzv seçilib. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi - AIDA adlı agentlik yaradıb və öz humanitar yardımını əsirgəmir. Dünyadakı zəif dövlətlərin inkişafına öz töhfəsini verməkdədir.
Əminik ki, 2030-cu ilə olan davamlı inkişaf gündəliyində qoyulmuş məqsədlər Azərbaycan tərəfindən də icra olunacaq. Bu məqsədlər Nyu-Yorkda 103 üzv dövlət tərəfindən qəbul edilib.
Azərbaycan, həmçinin insan kapitalının inkişafı sahəsində də böyük addımlar atır ki, bu da Forumun mövzularından biridir. Biz BMT-də və BMT İnkişaf Proqramı çərçivəsində belə bir fikirdəyik ki, Azərbaycan məhz davamlı inkişaf məqsədlərinin daha da irəli aparılmasında fəal iştirak edəcək.
Çıxışımın yekununda Azərbaycan hökumətinə bu mühüm tədbiri keçirdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Əminəm ki, Forum uğurla davam edəcək, burada müxtəlif mövzularda müzakirələr aparılacaq, əməkdaşlıq qurulacaq, sülh yolları araşdırılacaq.
Sizə uğurlu müzakirələr arzulayır və bildirmək istəyirəm ki, sabah keçiriləcək “dəyirmi masa”larda mən də iştirak edəcəyəm.
Diqqətinizə görə sağ olun.
X X X
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİ çıxış edərək dedi:
-Zati-aliləri cənab Prezident İlham Əliyev.
Zati-aliləri Azərbaycan Respublikasının birinci xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Dialoqun və dünyada sülhün təşviq edilməsi istiqamətində göstərilən beynəlxalq səylərin mühüm rəmzinə çevrilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən məmnunam. Təbii ki, ədalət, sülh və bərabərlik ideyalarını yayan insanlar üçün bu Forum mühüm bir tədbirdir. Mən buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Səmimi qəlbdən ona “Çox sağ olun” deyirəm. Çünki onun böyük səyləri və mühüm təşəbbüsləri sayəsində sülh, insanlar arasında qarşılıqlı anlaşma, dinlər və mədəniyyətlər arasında yaxınlaşma meyilləri artır və Azərbaycan da bu yolla gedir. Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.
Mən həmçinin cənab Prezidentə İslam Əməkdaşlıq Təşkilatına və ISESCO-ya verdiyi dəstəyə görə minnətdaram. Bakıda bu təşkilatların bir sıra mühüm beynəlxalq tədbirləri keçirilib. Məhz onun təşəbbüsü ilə sülh, dialoq, insanlar və xalqlar arasında anlaşma daha da dərinləşib. Cənab Prezident öz çıxışında belə gözəl bir paytaxtda, belə əhəmiyyətli bir ölkədə keçirilən beynəlxalq tədbirləri qeyd etdi.
Cənab Prezident, xanımlar və cənablar, bugünkü Forum dünyada sülh və təhlükəsizlik üçün görünməmiş təhdidlərlə səciyyələnən mürəkkəb qlobal şəraitdə keçirilir. Bütün bunlar müharibələrin və onların cəmiyyətlərə sarsıdıcı təsirinin, ciddi siyasi münaqişələrin, sabitliyi təhlükə altına alan geniş yayılmış etnik toqquşmaların, dərin humanitar böhranların, irqçilik tendensiyalarının, qarşısı alınmayan düşmənçilik hərəkətləri nəticəsində beynəlxalq hüququn kobud şəkildə pozulması hallarının azaldılması üçün beynəlxalq ictimaiyyətdən daha effektiv əməkdaşlıq tələb edir. Bu gün dünyanın qarşılaşdığı həssas və çətin vəziyyət bizdən - siyasətçilərdən, akademik və intellektual elitadan, azad humanist düşüncə carçıları, mühüm mədəni dəyərlərin və ali humanitar prinsiplərin keşikçiləri kimi mənəvi məsuliyyəti üzərimizə götürməyi tələb edir.
Bu baxımdan qeyd etmək lazımdır ki, dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasında siyasi öhdəliklərin böyük güclər tərəfindən yerinə yetirilməməsi nəticəsində, həmçinin ağır fəsadlara gətirib çıxaran səhv hesablamalar səbəbindən yaranmış vəziyyət beynəlxalq münasibətlərdə tarazlığı alt-üst edə biləcək, dünyanı böyük çəkişmələrə sürükləyə biləcək təhlükələrə meyillidir. Əslində qloballaşmanı öz humanitar məzmunundan uzaqlaşdıran və beləliklə, bir çox səviyyələrdə beynəlxalq vəziyyəti ağırlaşdırmaq təhlükəsi yarada biləcək hazırkı qlobal sivilizasiya böhranı yuxarıda qeyd edilən məqamlardan irəli gəlir. Həmin ciddi çağırışlara və onları müşayiət edən sülh və təhlükəsizliyə təhdidlərə gəldikdə, geniş şəkildə yayılan qloballaşma baxımından təxirəsalınmaz işlər görülməlidir. Mənim fikrimcə, Fələstində, Dağlıq Qarabağda, Suriyada, İraqda, Əfqanıstanda, Somalidə və bir çox digər münaqişələr olan yerlərdə BMT Təhlükəsizlik Şurası daha fəal iştirak etməlidir. Çünki insanlar, bütün dünya böyük güclərin hərəkətə keçməməsindən əziyyət çəkir. Biz bunu edə bilmərik, çünki əlimizdə belə imkanlar yoxdur. Ona görə də bu işi Təhlükəsizlik Şurasında əyləşən mühüm və daimi üzv dövlətlər görməlidirlər. Bütün bunlar qarşıya ciddi çağırışlar qoyur. Bu məsələlərlə bağlı düzgün qərarın qəbul edilməsində hər hansı yubanma və ya tərəddüd müxtəlif səviyyələrdə dialoqu təşviq edən beynəlxalq hərəkata mənfi təsir göstərəcək.
Dialoq müdriklərin seçimidir. Bununla humanizmə, onun amallarına xidmət etmiş oluruq. Eləcə də beynəlxalq hüquqa əsaslanan yeni dünya nizamının qurulması üçün düzgün yanaşmanı, mədəniyyətlərin prinsiplərini və sivilizasiyaların, dinlərin universal dəyərlərini tətbiq etmiş oluruq. Buna görə də böyük güclər yubanmadan və tərəddüd etmədən lazımi qərarlar qəbul etməlidirlər. Əgər belə olmasa, dünya bir cəngəlliyə çevrilər. Dünyada, ümumiyyətlə, asayiş tam pozular və hüquqa hörmət qoyulmaz. Odur ki, gəlin, səylərimizi birləşdirək.
Mən burada ISESCO adından bildirmək istəyirəm ki, biz öz dəyərlərimizi qoruyacağıq. Biz Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasında onu dəstəkləməkdə davam edəcəyik.
Diqqətinizə görə sağ olun.
X X X
UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA çıxış edərək dedi:
-Zati-aliləri cənab Prezident.
Çox hörmətli birinci xanım, UNESCO-nun xoşməramlı səfiri.
Xanımlar və cənablar, əziz dostlar.
Biz ayrıca sosial transformasiyalar və faciələrdən qurtulmağa çalışan insanların yerdəyişməsi ilə səciyyələnən, sülhə yeni təhdidlər gətirən qloballaşma dövründə yaşayırıq. Yoxsulluq davamlı olaraq qalır, bərabərsizlik dərinləşir. Dünya zəmanəmizin ən ağır qaçqın və məcburi köçkün böhranları ilə üzləşməkdədir. Bütün bunlar milyonlarla qadın və kişini böyük əzablara düçar edən, ən çox ağrı-acısını gənclərin çəkdiyi radikallaşma və zorakı ekstremizm mühitindən qaynaqlanan “mədəni təmizləmə” ilə fərqlənən və daha tez-tez baş verən münaqişələrin birbaşa fəsadlarıdır.
2030-cu ilə qədər davamlı inkişaf gündəliyi BMT-nin dəyərləri və prinsiplərindən ilhamlanan qlobal tədbirlərə yeni sadiqliyi, eləcə də üzləşdiyimiz mədəni, sosial-iqtisadi və ekoloji çağırışlara vahid cavabımızı nümayiş etdirir. 2016-cı ilin mayında BMT-nin İstanbulda keçirilmiş Humanitar Sammitində UNESCO-nun bəyan edilmiş şüarı böhrana məruz qalmış uşaqlar və gənclər üçün təhsil uğrunda mübarizə mövzusuna həsr olunmuş bugünkü müzakirələrimizlə tam üst-üstə düşür. Bu səbəbdən əgər biz ekoloji baxımdan davamlı və inklüziv cəmiyyətləri indiki və gələcək nəsillər üçün təmin etmək istəyiriksə, 2030-cu ilədək yeni gündəliyin qəbul edilməsi tək variant kimi qəbul oluna bilməz. Bu mövqe UNESCO-nun sentyabr ayında təqdim etdiyi 2016-cı il üzrə qlobal təsir monitorinqi hesabatında əks olunub və biz həmin mövqeyi təşkilatın bütün fəaliyyət sahələrində tətbiq edirik.
Zorakı ekstremizmin qarşısını almaq naminə təhsil sahəsində işləmək vəzifə borcumuzdur. BMT-nin jurnalistlərin təhlükəsizliyinə yönəlmiş tədbirlər planının icrası və cəzasızlıq məsələsinin həlli yolu ilə onların müdafiəsinin təkmilləşdirilməsi işimizin bir hissəsidir. Bu, 2016-cı ilin yanvarında BMT-nin baş katibi tərəfindən irəli sürülmüş zorakı ekstremizmin qarşısının alınması üzrə tədbirlər planına uyğundur. Bu baxımdan UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması və mədəni plüralizmin təşviqi strategiyası son dərəcə məqsədəmüvafiqdir.
Strategiyada aşağıdakılar nəzərdə tutulur: Mədəni irsin itirilməsinin qarşısının alınması, təhdidin aradan qaldırılması, mədəni irsin bərpasında üzv dövlətlərin imkanlarının gücləndirilməsi və mədəniyyətin qorunması məsələsinin humanitar fəaliyyətə, təhlükəsizlik strategiyalarına və sülhyaratma proseslərinə daxil edilməsinin təmin olunması. Bu, fərqli mədəniyyətlərə, dinlərə malik insanların bir-birinə daha da yaxınlaşdığı dünyada olduqca vacibdir. Biz bu məqsədə çox ağır nəticələri olan dini, mədəni və sosial dözümsüzlük mesajlarına, ədavət çağırışlarına qarşı çıxaraq nail oluruq. Biz bu məqsədə sosial, mədəni və iqtisadi inkişafın vasitəsi kimi götürülən davamlı inkişafa hədə kimi deyil, fürsət kimi qəbul edilən qaçqın və miqrantların yeni tarixçəsi ilə nail oluruq. Biz bu məqsədə dialoq, mədəniyyətlərarası biliklər və mədəni savad üçün yeni imkanlar açan möhkəm zəminlər yaradaraq nail oluruq. Bu, sülh mədəniyyətinin, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə gündəliyin icrası məqsədilə BMT adından UNESCO-nun həyata keçirdiyi 2013-2022-ci illər üçün mədəniyyətlərin yaxınlaşması üzrə beynəlxalq onillik sənədinin məqsədidir. Bu, həmçinin UNESCO-nun əsas tərəfdaşı olan Azərbaycan hökumətinin başlatdığı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ruhuna uyğundur. Gələn il keçiriləcək növbəti, dördüncü Forum akademik biliklərin ifadə edilməsi, xüsusən də yerlərdə konkret tədbirlərin müəyyən olunması üçün yeni imkanlar açacaq.
Cənab Prezident, hörmətli birinci xanım, xanımlar və cənablar, əziz dostlar.
Yekun olaraq, sərhədləri dəf edərək yeni yolların müəyyən edilməsində hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlığın vacibliyini vurğulayıram. Bu, təhsil, elm, mədəniyyət və ünsiyyət vasitəsilə vəzifə borcumuzu nümayiş etdirir və beləliklə, sülh naminə uzunmüddətli planların tərtib edilməsinə, insan hüquqlarının və ləyaqətin, ədalət və çiçəklənmənin təmin olunmasına, eləcə də davamlı inkişaf məqsədlərində qeyd edildiyi kimi, planetimizin qorunması işinə sadiqliyimizi gücləndirir.
Qarşılıqlı anlaşmanın olmaması tarix boyu xalqlar arasında etimadsızlıq yaradıb və nəticədə baş verən ixtilaflar tez-tez müharibələrə gətirib çıxarıb. Savadsızlığa, etimadsızlığa qarşı mübarizə mütəmadi olaraq aparılmalıdır. Sülhsüz davamlı inkişaf, davamlı inkişaf olmadan isə sülh qeyri-mümkündür.
Diqqətinizə görə minnətdaram. Foruma uğurlar arzulayıram.
X X X
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı.
Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirib.