İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub
27 sentyabr 2016, 10:15
Prezident İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verildi ki, bina 1956-cı ildə istifadəyə verilib. Burada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.
Qeyd olundu ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.
Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır.