İlham Əliyev Pakistanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26 sentyabr 2016, 18:30
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Pakistanın müdafiə sənayesi nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev pakistanlı nazirin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu səfəri ölkələrimiz arasında səmimi və qardaşlıq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə Davosda keçirdiyi görüşü də məmnunluqla xatırladı. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin bir-birilərini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədiklərini vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə qardaş ölkəyə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək Pakistanın ölkəmiz üçün dünyada ən yaxın və böyük dost ölkələrdən biri olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussain yenidən ölkəmizə səfər etməsindən məmnunluğunu bildirdi.
Rana Tanvir Hussain Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin adından Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. O, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin Prezident İlham Əliyevə olan yüksək ehtiramını məmnunluqla qeyd etdi.
Prezident Ilham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin dəvətini minnətdarlıqla qəbul etdi.