XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüdə İlham Əliyevin nitqi
23 sentyabr 2016, 10:15
Bir neçə gün bundan əvvəl Rioda Paralimpiya Oyunları başa çatıb. Bizim komandamız Vətənə qayıdıb. Bu gün mən sizi dəvət etmişəm ki, sizi təbrik edim. Komandamız çox yaxşı çıxış edib. Biz bu Oyunlarda 24 idmançı ilə təmsil olunmuşuq və 11 medal qazanmışıq. Onlardan biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medaldır. Bu, çox yaxşı göstəricidir. Bu, bir daha onu göstərir ki, bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır.
Bildiyiniz kimi, sizdən əvvəl bizim Olimpiya komandamız da Rioda çox yaxşı nəticələr göstərmişdir, 18 medal qazanmışdır. Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 29 medal qazanmışlar. Bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir. İdman Azərbaycanda sürətlə inkişaf edir və hər bir mötəbər beynəlxalq yarışda idmançılarımız bizi sevindirir.
Bildiyiniz kimi, idmanın inkişafına böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas prioritetlərindən biridir. Hər bir ölkənin gücünü əks etdirən həm də onun idman potensialıdır, idman nailiyyətidir. Azərbaycanda hər sahədə olduğu kimi, idmanda da böyük inkişaf var. Şadam ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır. İdmançılar Azərbaycanda böyük hörmətə layiqdirlər və ictimaiyyət tərəfindən onların fəaliyyətinə yüksək qiymət verilir.
Dövlət idmançıları həmişə qayğı ilə əhatə edir və bizim idmançılarımız həm idman yarışlarında, eyni zamanda, məişətdə də nümunəvi davranış qaydaları göstərirlər. Çünki idman elə bir fəaliyyət növüdür ki, burada güclü qalib gəlməlidir, burada daim ədalət zəfər çalmalıdır. Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar.
İdmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılmışdır və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə almışdır. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülmüşdür, o cümlədən paralimpiyaçılar da bizi sevindirmişlər.
Bütövlükdə ölkəmizin inkişafı ilə bağlı lazımi addımlar atılır. Bu inkişafla bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin dünyaya tanıdılmasıdır və burada idmanın xüsusi yeri var. Misal üçün, Avropa Oyunları bütün Avropanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu il keçirilmiş “Formula-1” yarışının auditoriyası 500 milyon insandır. Bu 500 milyon insan gördü ki, Bakı şəhəri bu yarışı keçirməyə qadirdir. Eyni zamanda, onlar Bakının gözəlliyini, abadlığını, şəhərimizin, sakinlərimizin həyatını gördü və əlbəttə ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan bu dərəcədə inkişaf edib, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib.
Bu il, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilmişdir. İştirak edən komandaların sayına görə bu, rekord nəticə idi. Beynəlxalq Şahmat Federasiyasının rəhbərlərinin fikrinə görə, bu, ən yaxşı təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadası idi. Yəni, bizim bu sahədə gözəl təcrübəmiz var, bütün təşkilati işlər yüksək səviyyədə həll olunur və bu gün Azərbaycan dünya miqyasında güclü dövlət, güclü idman dövləti kimi tanınır. İdmançılar əldə etdikləri medallarla idman şöhrətimizi ucaldırlar. Bakıda keçirilən beynəlxalq yarışlar bütün dünyaya Azərbaycanı gözəl, inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim edir.
Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi davam edir. Gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əgər keçən il biz Avropa idmançılarını Azərbaycana yığmışdıqsa, gələn il müsəlman idmançılarını Bakıda bir yerə toplayacağıq. Bu, ölkəmizin inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası əlaqələrin inkişafına çox əhəmiyyətli töhfə verir. Bizim ölkə idman yarışlarının keçirilməsi ilə, eyni zamanda, bu məqsədi də güdür.
İdmanın cəmiyyətə çox böyük müsbət təsiri var. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün idmanın çox böyük rolu var. Gənc nəslimiz - uşaqlar, yeniyetmələr sizə baxıb nümunə götürürlər ki, siz dövlətimizi necə ləyaqətlə təmsil edirsiniz, bayrağımızı yüksəklərə qaldırırsınız. Bizim paralimpiyaçılarımız Rioda bayrağımızı 11 dəfə qaldırmışlar. Gənc nəsil həm bilikli, peşəkar, eyni zamanda, mütləq vətənpərvər olmalıdır. Çünki vətənpərvərlik dövlətçiliyimizin əsasıdır.
Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illərin mütləq əksəriyyəti şanlı-şöhrətli illərdir. Fəxr edirik ki, bu gün bu səviyyəyə qalxmışıq. Gənc nəsil bu dəyərləri mütləq gələcəkdə yaşatmalıdır ki, inkişafımız dayanıqlı olsun, Azərbaycan daim müstəqil ölkə kimi yüksək zirvələrdə olsun. Ona görə, sizin Rioda gözəl çıxışınız, eyni zamanda, gənclərə də gözəl bir nümunədir. Əminəm ki, bu yarışlardan - Olimpiya, Paralimpiya Oyunlarından sonra bizim idman bölmələrimizə müşahidə olunan axın daha da güclənəcək.
Mən bu gün sizi bir daha ürəkdən təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Oyunlarda fərqlənən idmançılar dövlət mükafatları ilə təltif olunmuşlar. İndi isə təltifetmə mərasiminə keçək.