Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22 sentyabr 2016, 18:25
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi iləqərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur;
1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2016-cı il.