İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib
21 sentyabr 2016, 18:15
Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Prezidentinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.
Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.
Dövlətimizin başçısı Sənaye Parkının baş planını, burada yaradılacaq müəssisələrlə bağlı məlumatları əks etdirən stendlərə baxdı.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Layihə rəhbəri Mehriban Axundova bildirdi ki, Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.
Diqqətə çatdırıldı ki, corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.
Diqqətə çatdırıldı ki, toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Sonra dövlətimizin başçısı Mingəçevir Sənaye Parkının təməlini qoydu.
Daha sonra Azərbaycan Prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- -Əziz dostlar, əziz mingəçevirlilər, mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevir şəhərinin həyatında, ümumiyyətlə, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk.
- Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.
Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə, eyni zamanda, Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək. Mən ölkəmizin sənaye inkişafı ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır. Çünki Mingəçevir böyük şəhərdir. Şəhərin əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Eyni zamanda, şəhər əhalisi həm hazırlıqlıdır, peşəkardır, həm də Mingəçevirdə kifayət qədər böyük əmək qüvvəsi var. Baxmayaraq biz ölkə miqyasında işsizliyi böyük dərəcədə aşağı sala bilmişik, ümumi rəqəm təqribən 5 faiz ətrafındadır, Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir.
Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də ondan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.
Yaxşı bilirsiniz ki, son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik. Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq. Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır.
Bütün bu məsələlər bir-biri ilə uzlaşmalıdır və müvafiq qurumlar bu işlərlə məşğul olurlar. Bizim pambıq istehsalımız artdıqca burada emal olunan məhsul da təbii ki, artacaq. Eyni zamanda, mən artıq Sabirabadda pambıqçılıqla bağlı müşavirədə qeyd etdim, bir daha demək istəyirəm ki, biz yaxın illərdə yeni pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan qat-qat çox məhsul yetişdirəcəyik. Bu fabriklərin fəaliyyəti, eyni zamanda, yun tədarükünə də müsbət təsir göstərəcək. Əfsuslar olsun ki, bu sahə Azərbaycanda tənəzzülə uğrayıb. Halbuki bunun çox böyük potensialı var. Sovet vaxtında bu sahə bizim respublikamıza çox böyük gəlir gətirirdi. Ona görə, yun tədarükü yun ipliyi fabriki ilə uzlaşma səviyyəsində fəaliyyət göstərməlidir.
Burada ayaqqabı fabriki yaradılacaq. Azərbaycanda dəri istehsalı artmalıdır. Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə, biz böyük gəlir itiririk. Hər bir sahə inkişaf etdikcə, onun digər sahəyə də böyük təsiri olacaq. Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun inkişafıdır. Bax bu gün biz bunu görürük. Bizim siyasətimiz investisiyaları cəlb etməkdir. Biz görürük ki, buraya çox böyük həcmdə sərmayə qoyulacaq. Mənə verilən məlumata görə, avadanlığın alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə demişəm, - ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulur. Biz neft-qaz sektoruna qoyulan sərmayələrə öyrəşmişik, bu, təbiidir. Çünki bu, çox böyük gəlir gətirən sahədir və xarici investorlar özləri maraq göstərirlər və bizə müraciət edirlər. Qeyri-neft sektoruna isə investorları biz özümüz cəlb etməliyik. Həm dövlət orqanları, həm yerli icra orqanları, investorlar, sahibkarlar - biz burada bir nöqtəyə vurmalıyıq. Ona görə, investisiyaların təşkili və böyük həcmdə buraya gətirilməsi bizim siyasətimizin təzahürüdür.
Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunmuşdur. O gündən bu günə qədər on minlərlə yeni müəssisə, bir milyondan çox yeni iş yeri yaradılmışdır. Bölgələrimiz inkişaf edir, şəhərlərimiz abadlaşır, infrastruktur layihələri icra edilir, sahibkarlığın inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı burada özünü göstərir. Mən Prezident kimi parkın yaradılması ilə bağlı Fərman imzalamışam. İlkin vəsait ayrılıb ki, infrastruktur işləri görülsün. İnvestorlar isə, öz növbəsində, bütün qalan işləri görəcək və yaxın illərdə Mingəçevirdə ən müasir standartlara cavab verən sənaye müəssisələri zonası - klasteri yaradılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsün və bizim ixrac potensialımız artsın. Ona görə, bu gün böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilib.
Aparılan islahatlar, ilk növbədə, idarəetmə, kənd təsərrüfatının, ixracın təşviqi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, Mingəçevirdə bu Sənaye Parkının təməlini biz məhz bu il qoyuruq. Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır.
Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəmizə böyük xeyir gətirəcək. Burada çox böyük tikiş fabriki yaradılacaq. Təkcə tikiş fabrikində 2 min iş yeri açılacaq. Tikiş fabriklərində adətən qadınlar işləyir. Bu, onu deməyə əsas verir ki, indi qadınlar üçün də yeni iş yerləri yaradılır. Biz çalışmalıyıq ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Bu fabriklərin yaradılması əlbəttə ki, Mingəçevirin inkişafına böyük təkan verəcək.
Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər ərzində şəhərdə gedən quruculuq-abadlıq işləri hamımızı sevindirir. Bu, mənim Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox işlər görülüb. Mingəçevirin infrastrukturu ilə bağlı önəmli layihələr icra edilib. İndi Bakı-Mingəçevir avtomobil yolu ən yüksək standartlara cavab verir, çox gözəl, hamar yoldur. Mingəçevirdə digər yol layihələri də icra edilmişdir.
Qazlaşdırmanın səviyyəsi 96 faizdir. Çox yaxşı göstəricidir. İçməli su, kanalizasiya layihəsi icra edilir. Çox güman ki, bu layihə gələn il başa çatacaq. Hələ ki, içməli su ilə bağlı problemlər var və onlar aradan qaldırılacaq. Elektrik enerjisinə gəldikdə, Mingəçevir özü ölkəmizin böyük hissəsini elektrik enerjisi ilə qidalandırır. Burada da heç bir problem yoxdur. Sosial infrastrukturun yaradılması istiqamətində işlər gedir. Keçən il şəhər xəstəxanası əsaslı təmir edilmişdir. Köçkünlər üçün böyük şəhərcik salınmışdır və artıq köçkünlər o evlərə yerləşiblər. Mingəçevir Dram Teatrının binası təmir edildi. Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalanmışdır. Biz Kür avarçəkmə bazasını yenidən qurduq. Mən xatırlayıram, ilk dəfə 2000-ci illərin əvvəllərində Milli Olimpiya Komitəsinin prezidenti kimi bazaya baş çəkmişdim. Əlbəttə, indiki mənzərə o vaxtkından müqayisəedilməz dərəcədə fərqlənir. O vaxt o bazadan demək olar ki, əsər-əlamət qalmamışdı, köçkünlər orada yerləşmişdi. Biz onların da problemlərini həll etdik. Onlara da gözəl şərait yaratdıq və bazanı yenidən qurduq. Gözəl otel, məşq zalları fəaliyyət göstərir. Avarçəkmə ilə məşğul olmaq üçün bütün imkanlar var. Siz mingəçevirlilər yaxşı bilirsiniz ki, bu bazanın çox böyük əhəmiyyəti var. Sovet İttifaqında və postsovet məkanında bu, bütün mövsümlərdə istifadə edilə biləcək yeganə avarçəkmə bazasıdır. Buraya xaricdən də idmançılar gəlirlər, məşq edirlər. Bu da özlüyündə şəhərin inkişafına bir töhfədir.
Mingəçevirin gözəl turizm potensialı var. Artıq burada bir neçə otel fəaliyyətə başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi və ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir. Çünki bu gün turizmin inkişafı prioritetlər sırasındadır. Vizalarla bağlı dəyişikliklər bu il turizmin inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir. Kür çayı böyük çaydır. Suyun rəngi də, keyfiyyəti də bir az fərqlidir. Kür çayı burada tərtəmiz, gözəl, gözoxşayan rəngdədir. Burada çox gözəl təbii şərait, infrastruktur var. Gəncə və Qəbələ Beynəlxalq aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün gözəl imkanlar var. Ona görə, gələcəkdə burada turizm potensialı inkişaf etməlidir.
Mingəçevir energetiklər şəhəri, Cənubi Qafqazın yüngül sənaye mərkəzi və müasir, abad şəhər kimi, əlbəttə ki, bundan sonra da sürətlə inkişaf edəcək. Bu gün tarixi bir gündür, əlamətdar bir gündür. Bu gün çox böyük layihəyə start verildi. Hazırda ölkəmizdə bir neçə sənaye parkı var. Onlardan ikisi Sumqayıtdadır. Sumqayıt Texnologiya Parkı fəaliyyət göstərir. Sumqayıt Kimya Sənayesi Parkı isə fəaliyyətə başlayır. Üçüncü böyük sənaye parkı Mingəçevirdə yaradılacaq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
x x x
Layihənin rəhbəri Mehriban AXUNDOVA çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qonaqlar.
Böyük qurur hissi ilə bildirmək istəyirik ki, bu gün Mingəçevir şəhəri və Azərbaycan Respublikasının yüngül sənaye sahəsi üçün tarixi və əlamətdar bir gündür. Bu gün Mingəçevir Toxuculuq Kombinatının ərazisində cənab Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir Sənaye Parkının təməli qoyulur.
Keçmiş SSRİ dövrünün tarixçəsinə diqqət yetirsək görərik ki, Mingəçevir Toxuculuq Kombinatı 1960-cı ildə fəaliyyətə başlayıb. 1980-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin kənd təsərrüfatı və yüngül sənaye sahəsinə göstərdiyi xüsusi diqqəti və səyləri nəticəsində həmin kombinat ən böyük inkişaf illərini yaşayıb. Həmin illərdə Mingəçevir Toxuculuq Kombinatı gündəlik 55 ton pambıq iplik, 220 min metr parça istehsal edir, Azərbaycanın bütün trikotaj istehsalı müəssisələrini ipliklə təmin edirdi. Kombinatda 4 min nəfərdən çox işçi çalışırdı.
Bu gün həmin tarixi ərazidə təməli qoyulan Mingəçevir Sənaye Parkı Azərbaycanın və Zaqafqaziyanın ən nəhəng müəssisəsi Parkı olacaq. Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.
Mingəçevir Sənaye Parkı nəzdində açılacaq Pambıq İplik Fabrikində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. Hazırda Azərbaycanda ildə 17 min ton pambıq iplik istehsal olunur. Sənaye Parkı nəzdində açılacaq yeni iplik fabriki Azərbaycanda pambıq iplik üzrə istehsalı 115 faiz artırmaqla yanaşı, idxaldan asılılığı tam aradan qaldıracaq və böyük ixrac imkanları yaradacaq. İstehsal olunan 10 min tona qədər iplik MDB ölkələri və Türkiyə Respublikasına ixrac edilməklə ölkəmizə ildə 25 milyon ABŞ dollarından çox xarici valyuta gətirəcək. Bu fabrikdə 460 yeni iş yeri açılacaq. Fabrik Avropa və Yaponiya ölkələrinin qabaqcıl texnologiyaları əsasında tam avtomatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunacaq.
Sənaye Parkı nəzdində pambıq ipliklə yanaşı, Azərbaycanda böyük tələbat olan akril iplik və yun iplik fabrikləri də inşa ediləcək. Akril İplik Fabrikinin ilkin mərhələdə istehsal gücü 3 min ton olacaq və bu fabrik fəaliyyətə başladıqdan sonra akril iplik üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq. Fabrikin Avropanın qabaqcıl texnologiyaları - Fransanın NSC Schlumberger, Almaniyanın Zinser, İtaliyanın Savio şirkətlərinin ən müasir avadanlığı ilə təchiz olunması nəzərdə tutulub.
Yun İplik Fabrikinin illik istehsal gücü 3 min ton nəzərdə tutulub. Yunun ilkin emalı Azərbaycanın Aran bölgəsində, emal olunmuş yundan iplik istehsalı isə Mingəçevir Sənaye Parkının Yun İpik Fabrikində həyata keçiriləcək. Akril və yun iplik fabriklərində 800-dən çox iş yerinin açılması nəzərdə tutulur.
Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Corab Məhsulları Fabriki ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatın 50 faizini təmin edəcək, burada ildə 35 milyon cüt corab istehsal olunacaq. Həmin fabrikdə Avropanın ən qabaqcıl texnologiyaları tətbiq olunmaqla, dünyada yeganə tikişsiz corab hörgü avadanlığının istehsalçısı İtaliyanın Lonatti və Technopea şirkətlərinin dəzgahları quraşdırılacaq. İlkin mərhələdə 500 corab hörgü dəzgahı gətiriləcək, növbəti mərhələdə isə dəzgahların sayı ikiqat artırılaraq minə çatdırılmaqla illik 70 milyon cüt corab istehsal olunacaq. Bu sahə üzrə idxaldan asılılıq tam aradan qaldırılacaq, Corab Məhsulları Fabrikində 650 yeni iş yeri açılacaq.
Park nəzdində inşa ediləcək Ayaqqabı Fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı işçi ayaqqabıları istehsal edərək, idxaldan asılılığı qismən azaldacaq. Fabrikdə ayaqqabı istehsalında ən yeni texnologiyalar tətbiq olunmaqla, Avropanın qabaqcıl şirkətlərinin avadanlığı quraşdırılacaq. Fabrikə 300 işçinin işə qəbul edilməsi nəzərdə tutulub.
Mingəçevir Sənaye Parkı nəzdində inşa ediləcək Tibbi Kosmetika Fabrikində iplik fabrikinin pambıq mahlıcı və iplik tullantıları təkrar emal edilərək steril pambıq, tibbi sarğı bezləri və bandajları, qulaq təmizləmə çöpləri və makiyaj bezləri istehsal olunacaq. Fabrikdə illik 55 milyon ədəd hazır məhsul buraxılacaq. Burada 270 yeni iş yerinin açılması planlaşdırılır.
Azərbaycanda növbəti 5 il ərzində xam pambıq istehsalının 700 min tona çatdırılması nəzərə alınaraq Sənaye Parkı nəzdində fəaliyyət göstərəcək İplik Fabrikində istehsal olunan pambıq ipliyin hazır məhsula çevrilib dəyərinin artırılması məqsədilə müxtəlif təyinatlı və geniş çeşidli 100 faiz pambıq toxuma məhsulları istehsal ediləcək. Fabrikin illik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək. Toxuma Fabrikində Avropanın aparıcı şirkətlərinin çözgü və toxuma avadanlığı quraşdırılacaq. Fabrikdə 450 yeni iş yerinin açılması nəzərdə tutulub.
İstehsal olunan xam parçanın boyanması məqsədilə Sənaye Parkının nəzdində, həmçinin Parça Boyama Fabriki istifadəyə veriləcək. Fabrik tam fəaliyyətə başladıqdan sonra Azərbaycanda boyalı toxuma məhsulları üzrə ümumi istehsal həcmi 100 faiz artırmaqla yanaşı, idxaldan asılılıq tam aradan qalxacaq və böyük ixracat imkanları yaranacaq. İldə 10 milyon metrə qədər toxuma məhsulları MDB ölkələri və Türkiyə Respublikasına ixrac edilməklə ölkəyə ixracatdan və satışdan xarici valyuta cəlb olunacaq. Parça Boyama Fabrikində 260 yeni iş yerinin açılması gözlənilir.
Sənaye Parkı nəzdində ölkəmizdə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng Tikiş Fabriki yaradılacaq. Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30 faiz azalacaq. Tikiş Fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.
Beləliklə, Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikasının yüngül sənaye sahəsində idxaldan asılılığın aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. Park üzrə orta əmək haqqı 450 manat - fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat orta əmək haqları nəzərdə tutulur. Professional və ixtisaslı kadrların hazırlanması məqsədilə park nəzdində müasir tədris-təlim mərkəzi açılacaq və xaricdən dəvət olunacaq təcrübəli mütəxəssislərin iştirakı ilə yeni müasir istehsal texnologiyaları və prosesləri üzrə yerli peşəkar gənc kadrların hazırlanması üçün bütün şərait yaradılacaq. Gənc kadrlarla yanaşı, vaxtilə Toxuculuq Kombinatında çalışan ixtisaslı kadrlar üçün də iş imkanları yaranacaq. Mingəçevir Sənaye Parkı işçilərini pulsuz keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri ilə təmin etməklə yanaşı, onların həyat və sağlamlığının müdafiəsi üçün yüksək səviyyədə sığorta xidmətləri də təqdim edəcək.
Mingəçevir Sənaye Parkı Azərbaycanın yüngül sənayesinin inkişafında əvəzolunmaz rol oynayacaq və ölkəmizi dünyaya parkın nəzdində fəaliyyət göstərəcək fabriklərdə quraşdırılan qabaqcıl texnologiyalar vasitəsilə istehsal ediləcək məhsulları ilə tanıdacaq.
Cənab Prezidentə respublikamızda yüngül sənaye sahəsinin inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə böyük təşəkkürümüzü bildirir və bu əlamətdar hadisə münasibətilə hamını təbrik edirik!
x x x
Mingəçevir şəhər ictimaiyyətinin nümayəndəsi Arif MAHMUDOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Sizi Mingəçevir şəhərinin sakinləri adından salamlayıram.
Bildiyiniz kimi, qədim yaşayış məskəni olan Mingəçevir ötən əsrin 50-ci illərində Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar salınmağa başlayıb, 1948-ci ildə şəhər statusu alıb. Lakin Mingəçevirin böyük sənaye şəhəri kimi formalaşması, xüsusən də ölkənin energetika mərkəzinə çevrilməsi bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə Mingəçevir sürətlə inkişaf edərək respublikanın dördüncü sənaye şəhəri səviyyəsinə yüksəlib. O illərdə burada tikilən iri sənaye müəssisələrində yüksək ixtisaslı mütəxəssislər ordusu çalışırdı. Onların arasında gənclər xüsusilə üstünlük təşkil edirdi. Ölkəmizin müxtəlif bölgələrindən insanlar axışaraq bu şəhərə işləməyə gəlirdi. Bu müəssisələrdə çalışanlar təkcə özlərinə iş tapmırdı, eyni zamanda şəhər həyatına, şəhər mühitinə uyğunlaşırdı, həmçinin burada yeni nəsil formalaşırdı.
Mən özüm ali təhsil aldıqdan sonra, 1984-cü ildə təyinatla bu gün Sənaye Parkının təməli qoyulan ərazidə yerləşən Toxuculuq Kombinatına işləməyə gəlmişəm. 31 il fasiləsiz çalışdığım həmin müəssisədə usta köməkçisindən direktor vəzifəsinə qədər yüksəlmişəm. Bu müəssisisə o dövrdə şəhərin həyatında xüsusi yer tuturdu. Kombinatda 4 mindən çox işçi çalışırdı. Burada istehsal olunan məhsullar keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi.
1981-ci ildə ulu öndərimiz Heydər Əliyev Mingəçevir şəhərinə səfəri zamanı Toxuculuq Kombinatında da olmuş, əmək kollektivi ilə görüşmüşdü. Ulu Öndərin səfərindən sonra kombinatın işçilərində yüksək əhval-ruhiyyə və coşqunluq yaranmışdı. Məhz həmin illərdə Mingəçevir səhəri sənaye sahəsində ən yüksək nəticələr əldə etmişdi.
Sovetlər birliyi dağılanda digər ittifaq tabeli müəssisələr kimi Toxuculuq Kombinatı da bağlandı və minlərlə insan işsiz qaldı.
Cənab Prezident, Sizin müəllifi olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhərimizin yeni yüksəliş dövrü başladı. Siz də Mingəçeviri sənaye şəhəri kimi inkişaf etdirək əsası Ulu Öndərimiz tərəfindən qoyulan həmin ənənəni davam etdirdiniz. Şəhərimizdə yeni-yeni müəssisələr yaradıldı, bir çox mövcud müəssisələrin fəaliyyəti bərpa olundu.
Bu gün biz çox böyük sevinc hissləri yaşayırıq, çünki Siz mingəçevirlilərin çoxdankı arzusunu reallaşdırırsınız. Böyük bir Sənaye Parkının təməlini qoydunuz. Bu Parkda 9 yeni müəssisə yaradılacaq, minlərlə yeni iş yeri açılacaq. Belə bir nəhəng kompleksin bizim şəhərdə tikilməsi ağlımıza belə gəlməzdi. Bu sevinci bizə Siz bəxş etdiniz, cənab Prezident. Burada yaradılacaq müəssisələrin fəaliyyətə başlaması şəhərimizdə işsizlik problemini tamamilə aradan qaldıracaq. Bu müəssisələr həmçinin şəhərimizin sənaye potensialının artırılmasına və onun çoxşaxəli inkişafına xidmət edəcək. Sənaye Parkında yaradılan müəssisələrdə minlərlə işçi çalışacaq ki, bu da eyni zamanda onların ailələrinin maddi rifahının yüksəlməsi deməkdir. Bütün bunlara görə, şəhərimizə göstərdiyiniz böyük diqqət və qayğıya görə mingəçevirlilər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident!
Bir neçə kəlmə də şəhərimiz haqqında danışmaq və ictimaiyyətin fikirlərini Sizə çatdırmaq istəyirəm.
Son illər Azərbaycanın bütün bölgələri kimi, Mingəçevir şəhəri də Sizin xüsusi diqqətiniz sayəsində günbəgün inkişaf edir, gözəlləşir, abadlaşır, küçə və meydanlarımız, park və xiyabanlarımız əsaslı şəkildə yenidən qurulur. İnsanların rahat yaşaması və istirahəti üçün hər cür şərait yaradılır, bir sözlə, şəhər öz əvvəlki ahənginə qovuşur. Təsadüfü deyil ki, son dövrlər şəhərdə çoxlu sayda xarici turistlərə rast gəlirik. Onlar söhbət zamanı şəhərimizin necə gözəl, yaraşıqlı olduğunu etiraf edirlər. Biz bundan qürur hissi keçirir və bilirik ki, bu şəraiti bizim üçün Siz yaradırsınız.
Cənab Prezident,
Bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün mingəçevirlilər adından Sizə bir daha dərin minnətdarlığımızı bildirir, xalqımızın və dövlətimizin gələcəyi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Diqqətinizə görə çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.