İlham Əliyev Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun açılışında iştirak etmişdir
06 may 2011, 18:30
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı.
Prezident İlham Əliyev yolun üzərində yerləşən Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli və Mehrablı kəndləri ərazisində təhsil, səhiyyə və mədəniyyət sahələri ilə bağlı görülən işləri əks etdirən fotostendlə də tanış oldu. Bildirildi ki, ümumilikdə 11 minədək əhalinin yaşadığı 5 kəndi birləşdirən yolun yenidən qurulması yaşayış məntəqələri ilə rayon mərkəzi arasında gediş-gəliş asanlaşmışdır. Uzun müddət istismara yararsız halda olan və bir sıra yaşayış məntəqəsini əhatə edən yolun bu hissəsi Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Ağcabədi Rayon İcra Hakimiyyətinin sifarişi ilə yenidən qurulmuşdur.
Qeyd edildi ki, eni 6 metr olan dördüncü dərəcəli ikizolaqlı yol boyu həm avtomobillərin, həm də piyadaların sərbəst hərəkəti üçün lazımi şərait yaradılmış, istiqamətverici işarələr qoyulmuşdur. Müasir standartlara cavab verən yolun giriş hissəsində abadlıq işləri aparılmışdır. Magistral yoldan girişdə 1, kəndarası yollarda isə 2 müasir tipli dayanacaq quraşdırılmışdır. Yol kənarında 30 minədək ağac və gül kolu əkilmiş, yaşıllıq zolağı salınmışdır. Ümumilikdə yol boyu 6 körpü və ötürücü inşa edilmişdir ki, burada da 54 yol göstəricisindən istifadə olunmuşdur. 2010-cu ilin noyabrından inşasına başlanılan yolun tikintisində 80 nəfərlik işçi qüvvəsindən və 40-dan artıq texnikadan istifadə olunmuşdur.
Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi və yeni yolda avtomobili idarə etdi.
Sonra dövlətimizin başçısı Qaradolaq kəndinin sakinləri ilə görüşdü və yeni yolun açılışı münasibətilə onları təbrik etdi.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.
Sonda xatirə şəkli çəkdirildi.