İlham Əliyev Ağcabədi şəhərində Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanış olmuşdur
06 may 2011, 16:00
Prezident İlham Əliyev Ağcabədi şəhərinin mərkəzində yerləşən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi ilə tanış olmuşdur.
Azərbaycan Prezidentinə məlumat verildi ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunmuşdur. Ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir.
Dövlət başçısı dahi bəstəkar Üzeyir Hacıbəylinin mərkəzin binası önündə ucaldılmış büstünün önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev büstün ətrafında dahi bəstəkarın dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərini təcəssüm etdirən epizodik lövhələrlə tanış oldu.
Dövlət başçısı binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xalqımızın milli-mədəni dəyərləri içərisində özünəməxsus yeri olan muğamımızın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşəyə baxdı.
Bildirildi ki, burada, eyni zamanda, Azərbaycanın tanınmış muğam ustadlarının, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən müxtəlif muğam müsabiqələrinin qaliblərinin şəkilləri də nümayiş olunur.
Diqqətə çatdırıldı ki, mərkəzin 9 sinif otağında muğamı tədris edən iki orta ixtisas sinfi təşkil olunmuşdur. Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam, Beyləqan, Laçın, Kəlbəcər, Oğuz, Bərdə rayonlarından olan 96 tələbə muğam sənətinin sirlərinə yiyələnirlər.
Azərbaycan Prezidenti məktəbin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”ni dinlədi.
Qeyd edildi ki, mərkəzin yay zalı ilin isti aylarında açıq konsertlərin təşkilində böyük rol oynayır. Ümumiyyətlə, Qarabağ Muğam Mərkəzi və burada təşkil olunan tədbirlər ağcabədililərlə yanaşı, rayona gələn qonaqların da böyük marağına səbəb olur. Təkcə son beş ayda Qarabağ Muğam Mərkəzində 42 tədbir keçirilmişdir. Bu isə muğamsevərlərin mərkəzin fəaliyyətinə olan marağını ifadə edir.
Dövlət başçısı mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirdi.