İlham Əliyev Ağcabədidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olmuşdur
06 may 2011, 13:00
Prezident İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olmuşdur.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin səmərəli təşkilinə öz töhfəsini verməkdədir. Əhalinin mənalı istirahətinin təşkilində, şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.
Bildirildi ki, Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. 2008-ci ildə yenidən qurulan parkda ulu öndərin abidəsi ucaldılmışdır. Abidənin arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənmişdir. Şəhərin ən gözəl guşəsinə çevrilən parkda həm uşaqlar, həm də böyüklərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Parkda 4 karusel, 6 köşk və bir çay evi fəaliyyət göstərir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılmışdır.
Məlumat verildi ki, milli ornamentlərdən geniş istifadə olunan park xüsusi memarlıq üslubunda yenidən qurulmuşdur. Giriş qapısı, parkətrafı yollar və mərkəzi yollar, mərkəzi meydan, burada tikilmiş iki fəvvarə və müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır. Parkda iki hektaradək ərazidə yaşıl örtük salınmış, həmişəyaşıl ağaclar əkilmiş, çəmənliklərdə xüsusi zövqlə çiçəklər əkilmişdir. Bütün bunlara görə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ağcabədililərin və rayonun qonaqlarının ən sevimli istirahət məkanına çevrilmişdir.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi.